Mədən sənayesinin inkişafı ölkənin iqtisadi imkanlarını genişləndirəcək – ŞƏRH VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft sektorunun böyüməsinə ciddi təsir göstərəcək amillərdən biridir. Bu sahənin inkişafı ölkənin ixrac imkanlarını genişləndirməklə yanaşı, emal sənayesinin də inkişafına və istehsal həcminin artmasına şərait yaradacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.
O qeyd edib ki, eyni zamanda, mədən sənayesinin genişləndirilməsi ölkəyə valyuta axınının artmasına səbəb olacaq.
“Mədən sənayesinin inkişafı yeni iş yerlərinin yaradılması, xarici investisiyaların cəlb olunması və ümumilikdə sənaye sektorunun genişlənməsi baxımından da əhəmiyyətli hesab olunur. Bu amillərin ölkənin gələcək iqtisadi imkanlarının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir. Uzun illər işğal altında olan regionlarımızda ciddi qazıntı işləri aparılıb, həmin ərazilərin mineral ehtiyatlarından istifadə edilib. Azərbaycanın 160-a yaxın mineral ehtiyatları daşınaraq istismar edilib”,- deyə o bildirib.
Onun sözlərinə görə, hazırda azad edilmiş ərazilərdə mövcud mineral ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması ölkəmizin qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına əlavə imkanlar yaradır.
“Digər tərəfdən hesab edirəm ki, bu sənayenin inkişafı həm də regionun ümumi inkişafına əhəmiyyətli töhfələr vermiş olacaq”,- deyə E.Kərimli vurğulayıb.