İQTİSADİYYAT
Mədəniyyət, idman, təhsil, elm və səhiyyə sahəsində vergi güzəştləri nədən ibarətdir?
![Mədəniyyət, idman, təhsil, elm və səhiyyə sahəsində vergi güzəştləri nədən ibarətdir?](/files/2022/1/1200x630/16415424204488511880_1200x630.jpg)
Bakı, 7 yanvar, AZƏRTAC
Respublikamızda mədəniyyət, tibb və idman sahələrinin inkişaf etdirilməsi üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir, o cümlədən bu sahələri dəstəkləyən şirkətlərə vergi güzəştləri tətbiq olunur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, aktual mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tələblərə cavab verən elm, təhsil, tibb, idman və mədəniyyət təşkilatlarına köçürdüyü ümumi mənfəətin 10 faizindən çox olmayan hissəsi vergidən azad edilir: “Mahiyyət etibarilə vergiödəyicisinə təqdim olunan bu güzəşt qeyd olunan xərcin gəlirdən çıxılan xərc kimi nəzərə alınması ilə eyni effekti verir. Beləliklə, faktiki olaraq Vergi Məcəlləsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan xərclərin əldə edilmiş gəlirdən çıxılmasını qadağan edən tələbini müəyyən mənada yumşaltmış olur”.
V.Mirheydərov, həmçinin nəzərə çatdırıb ki, mövcud qanunvericilik yerli idmanı, mədəniyyəti, elmi, səhiyyə və təhsili dəstəkləyən şirkətlərə bunun üçün müəyyən vergi güzəştləri almağa imkan yaradır. Bu maliyyələşdirmə modeli mədəniyyət, idman, təhsil, elm və səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlara büdcə asılılığından azad olub özünümaliyyələşdirmə modellərinə keçməyinə kömək etməlidir.