Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşməsi ilə bağlı şura iclası keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsində “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident Fərmanına əsasən nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların fəaliyyətində səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması məqsədilə şura iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov mədəniyyət müəssisələrinin təkmilləşməsi və optimal fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıb, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının önəmini vurğulayıb.
Daha sonra iclasda iştirak edən məsləhətçilər, mədəniyyət müəssisəsi rəhbərləri mədəniyyət müəssisələrinin şəbəkəsini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, daha təkmil muzey fəaliyyətinin təşkili, musiqi məktəbləri, mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubları, rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı öz təkliflərini bildirib və bu təkliflər ətrafında müzakirələr aparıblar.
Sonda bu təkliflərin komplektləşdirilərək Mədəniyyət Nazirliyinə göndərilməsi qərara alınıb.