MƏDƏNİYYƏT VƏ TURİZM MÜƏSSİSƏLƏRİNDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ İLƏ BAĞLI SEMİNARLAR KEÇİRİLMİŞDİR
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkənin mədəniyyət və turizm müəssisələrində informasiya texnologiyalarının tətbiqini sürətləndirmək məqsədilə zona seminarları keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarlarda nazirliyin analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov mədəniyyət və turizm müəssisələrində yeni informasiya texnologiyalarının tətbiqi vəziyyətini əks etdirən məruzə ilə çıxış etmişdir.
Seminarlarda, həmçinin sənədlərin hazırlanması zamanı Azərbaycan əlifbasının “UNİCODE” kod standartlarından istifadə, nazirliyin rəsmi veb-saytı ilə işləmə qaydaları, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu, "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları" və s. haqqında ətraflı məlumat verilmişdir.
Rayon mədəniyyət və turizm şöbələrinin işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə təşkil edilən seminarların müsbət əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə respublikanın digər bölgələrində də belə tədbirlərin keçirilməsi planlaşdırılır.