Media: HƏMAS-İsrail danışıqlarında irəliləyiş əldə olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Fələstinin HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda atəşkəs rejimi və girovların azad edilməsi üzrə danışıqlarda irəliləyişə nail olub.
AZƏRTAC xəbər verir ki, Ynet xəbər portalı bu barədə HƏMAS hərəkatının adı açıqlanmayan yüksəkvəzifəli üzvünə istinadla məlumat yayıb. Məlumata görə, müqavilə çərçivəsində azad edilməli olan girovların sayı ilə bağlı fikir ayrılıqları mövcuddur. Eyni zamanda, tərəflər azad olunacaq girovların kimliyi ilə bağlı da razılığa gələ bilmirlər.
Bir müddət öncə İsrailin yüksəkvəzifəli məmuru HƏMAS ilə danışıqlarda girov məsələsində “əhəmiyyətli irəliləyişə” nail olduğunu bildirmişdi.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə əldə edilən birhəftəlik humanitar atəşkəs zamanı 100-dən çox girov azad olunmuşdu. İsrail tərəfinin son məlumatına görə, Qəzza sektorunda hələ də 100 nəfərədək israilli girov saxlanılır.