MƏHƏMMƏD ƏSƏD BƏYƏ HƏSR OLUNMUŞ “YÜZ İLİN SİRLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Muğam klubunda yazıçı-tədqiqatçı Nuridə Atəşinin görkəmli Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyə həsr etdiyi “Yüz ilin sirləri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə professor Zeydulla Ağayev, dosent Çərkəz Qurbanlı çıxış edərək, doğma Azərbaycandan kənarda - Almaniyada yazıb-yaratmış, çətin həyat yolu keçmiş Məhəmməd Əsəd bəyin ömür yolundan, zəngin yaradıcılığından danışmış, ona həsr olunmuş kitabın əhəmiyyətini vurğulamışlar.
Qeyd olunmuşdur ki, Məhəmməd Əsəd bəy on il ərzində 16 kitab (“Şərqdə neft və qan”, “Qafqazın on iki sirri”, “Son peyğəmbər və s.”) yazmışdır. Onun bir sıra əsərləri müxtəlif dillərə tərcümə edilmişdir.
Nuridə Atəşinin “Yüz ilin sirləri” kitabında Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı ilə bağlı Almaniya, Avstriya və digər ölkələrin arxivlərindən əldə olunmuş sənədlər barədə məlumatlar və ədibin “Qurban Səid” təxəllüsü ilə yazdığı “Sevgidən bixəbər kişi” romanının bir parçası verilmişdir.
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlamentlərarası qrupunun rəhbəri Şteffen Rayxe, Əsəd bəy haqqında çəkilən filmin rejissoru və ssenari müəllifi Ralf Marşallek (Berlin) təqdim olunan kitabı yüksək qiymətləndirmiş, Azərbaycanın bu görkəmli yazıçısının ədəbi irsinin geniş tədqiq olunmasının vacibliyini diqqətə çatdırmışlar.
Kitabın müəllifi Nuridə Atəşi tədbirin iştirakçılarına təşəkkürünü bildirmiş, görkəmli yazıçı ilə bağlı tədqiqatlarını davam etdirəcəyini söyləmişdir.
Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.