Məişət zorakılığı ilə mübarizə sahəsində hakimlər və vəkillər üçün təlim təşkil edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakıda oktyabrın 27-də “Məişət zorakılığı ilə mübarizə sahəsində, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda hakimlər və vəkillər üçün təlim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən reallaşdırılan tədbirdə 30 hakim və vəkil iştirak edib.
Gender və İnkişaf üzrə Dünya Bankının eksperti, Vəkillər Kollegiyasının üzvü, vəkil Xalisə Şahverdiyeva tərəfindən aparılan təlimdə, əsasən məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışı, məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması zamanı görülməli tədbirlər, hüquqi praktikanın yaxşılaşdırılmasında hakim və vəkillərin edə biləcəyi təsirlər kimi məsələlər müzakirə ediləcək.
Təlim vəkil və hakimlər üçün məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində bacarıqlarının artırılması məqsədilə təşkil edilib.