CƏMİYYƏT
Meksika dünyada ikinci ən populyar tibbi turizm istiqamətinə çevrilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Meksika tibbi turizm sahəsində dünyada ikinci, əcnəbi xəstələrin sayına görə isə Latın Amerikası ölkələri arasında birinci yerdədir. Hər il ölkəyə orta hesabla 1,2 milyon əcnəbi pasiyent gəlir. Meksika 1,8 milyon insanı qəbul edən Taylanddan sonra ikinci yerdədir.
AZƏRTAC Meksika KİV-lərinə istinadla xəbər verir ki, “Euromonitor”un məlumatına görə, tibbi turizm 3,9 milyard dollara qədər gəlir gətirərək və bütün dünyadan olan xəstələri sərfəli qiymətlərlə yüksək keyfiyyətli tibbi xidmət axtarışına cəlb edərək, Meksika iqtisadiyyatının əsas dayağına çevrilib.
Meksika stomatologiya, oftalmologiya və estetik cərrahiyyə kimi sahələrdə dünya səviyyəli tibbi xidmətləri təklif etməklə xüsusilə tanınır. Bir neçə Meksika ştatı bu sahədə aparıcı istiqamətlər kimi seçilir.
"Bu tendensiya ABŞ-ın yaşadığı son iqtisadi böhran zamanı gücləndi və ölkə vətəndaşlarını xərcləri azaltmaq üçün tibbi xidmət almaq məqsədilə əsasən Kuba və Meksikaya yollanmağa məcbur edib", - “Euromonitor”un hesabatında qeyd olunur.
Müalicə üçün Meksikanı seçən pasiyentlər ABŞ, Fransa, Almaniya, Kanada və İtaliya kimi ölkələrdəki xərclərlə müqayisədə 36-89 faiz qənaət edə bilər. Bu da Meksikanı maddi resurslarını tükətmədən keyfiyyətli tibbi müalicə axtaranlar üçün cəlbedici bir məkana çevirir.
ABŞ Meksika üçün əsas bazardır, çünki ölkədə tibbi turizmdən əldə edilən gəlirlərin təxminən 70 faizi onların payına düşür. Meksikaya yaxınlıq və milli səhiyyə sisteminin yüksək dəyəri daha sərfəli müalicə axtaran amerikalı xəstələrin davamlı axınına səbəb olub. Bundan əlavə, Meksikada tibbi prosedurların gözləmə müddəti Kanada kimi ölkələrlə müqayisədə xeyli qısadır.