Məktəblilərarası breyn-rinq yarışının növbəti mərhələsi Bakı mövzusuna həsr olunub
Bakı, 7 may, AZƏRTAC
Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, yarışda bu qurumun tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt” və “Lider” komandaları iştirak edib.
Bilik yarışının V mərhələsi Bakı mövzusuna həsr olunub. Bu mərhələdə komandalar Bakının tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri və tanınmış şəxsiyyətlərinə aid sualları cavablandıraraq biliklərini sınaqdan keçiriblər.
Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” və 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 17 xal toplayaraq digər komandalardan üstün olub.
Bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.
“Gənc istedadlar” breyn-rinq bilik yarışının final mərhələsi ümummilli lider Heydər Əliyevə həsr olunacaq.
Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq qalib məktəb seçiləcək.