ELM VƏ TƏHSİL
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
Bakı, 13 may, AZƏRTAC
Mayın 8-dən 13-dək Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 6 məktəbli ilə təmsil olunan komandamız yarışda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıb.
Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Cəlil Hüseynov gümüş, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva isə bürünc medal qazanıb.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 10-cu sinif şagirdi Telman Məmmədov isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.
Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 17 gümüş və 36 bürünc medal qazanıblar.