ELM VƏ TƏHSİL
MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNDƏ ELMİ-PRAKTİK KONFRANS
Martın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetində görkəmli memar Ənvər Qasımzadənin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, Milli Məclisin deputatı Gülçohrə Məmmədova açaraq bildirdi ki, Ənvər Qasımzadə Politexnik İnstitutunun rektoru olmuş ilk görkəmli memar idi.
Sonra professor Fikrət Hüseynovun, dosent Tahir Teyyubovun, Azərbaycan Memarlar İttifaqının prezidenti İlham Əliyevin məruzələri dinlənildi. Natiqlər vurğuladılar ki, Ənvər Qasımzadə Azərbaycan memarlığının inkişafında və təşəkkülündə silinməz iz qoymuşdur. Memarlığa həsr edilmiş ömür - Ənvər Qasımzadənin yaradıcılıq yolunu qısaca belə səciyyələndirmək olar.
Tanınmış memar elmi kadrların hazırlanmasına da böyük diqqət yetirirdi. Bir çox elmi nəşrlər və memarlığa dair Azərbaycan dilində dərsliklər məhz onun rəhbərliyi ilə yazılmışdır.
Azərbaycan Uşaq Fondunun sədri akademik İsmayıl İbrahimov məhşur memarla dostluğu barədə xatirələri danışdı. Alim Musa Kələntərov isə Ənvər Qasımzadənin yazdığı, memarlıq sənətimizin korifeylərinə həsr olunmuş “Mikayıl Hüseynov və Sadıq Dadaşov” kitabını universitetin rektoru Gülçohrə Məmmədovaya təqdim etdi.
Qafqaz Albaniyası memarlığının öyrənilməsi sahəsində elmi məktəbin yaradıcısı, Prezident təqaüdçüsü Davud Axundov da Ənvər Kazımzadə haqqında xatirələrini söylədi.
Görkəmli Azərbaycan memarının yaradıcılıq irsi bundan sonra da öz sənətinə sədaqət, məhəbbət və ehtiram meyarı olacaqdır.
Universitetin konfrans salonunda Ənvər Qasımzadəyə həsr olunmuş sərgi də təşkil edilmişdi.