REGİONLAR
Məntəqə seçki komissiyalarının üzvlərinə seçki günü vəzifələri barədə ətraflı məlumat verilir
Ağcabədi, 18 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər Ağcabədi rayonunda uğurla davam edir.
85 saylı Füzuli-Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının sədri İbrahim Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır. Treninqlərdə seçki dairəsi üzrə 366 nəfər aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur. MSK-nın təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Bəyoğlan Tağıyev və Allahverdi Heydərov tərəfindən aparılır. Altı gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.
Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Famil İsmayılovun bildirdiyinə görə, treninqlərə dairənin tərkibinə daxil olan 49 seçki məntəqəsindən 294 nəfər komissiya üzvü cəlb edilib. Təlimləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Fərahim Xudiyev və Elçin Əliyev aparırlar.
Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və suallar cavablandırılır.
Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.