Mərakeşdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qəbul təşkil olunub
Rabat, 29 dekabr, AZƏRTAC
Azərbaycanın Mərakeşdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Mərakeşdə yaşayan azərbaycanlılar, yerli ictimai xadimlər, jurnalistlər, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.
Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov tədbirdə çıxış edərək bildirib ki, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il Azərbaycan xalqı tərəfindən qeyd edilir. Hazırda bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşdirilməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət siyasəti səviyyəsinə qaldırılıb. Səfir deyib ki, 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi ölkənin siyasi-ictimai həyatında yeni səhifə açdı. Ulu öndər Heydər Əliyevin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrini hər bir azərbaycanlı qəlbində yaşadır.
Azərbaycanın müstəqillik illərində Ümummilli Liderin əsasını qoyduğu iqtisadi-siyasət kursunun özünü doğrultduğunu qeyd edən diplomat bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə gücləndiyini, bütün sahələrdə geniş və məqsədyönlü islahatların aparıldığını və beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğulayıb.
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun 1994-cü il məzunu Rəşid Harrat tədbirdə çıxış edərək Azərbaycan xalqının qonaqpərvərliyi və istiqanlılığı barədə danışıb, Azərbaycanla bağlılığı olan mərakeşlilərin birləşdirilməsi məqsədilə “Azərbaycan Universitetlərinin Məzunları və Tələbələr Assosiasiyası”nın təsis edildiyini söyləyib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat