REGİONLAR
Mərkəz rəisi: Havanın quraq keçməsi sahələrdə gəmiricilərin çoxalmasına şərait yaradıb
Şəki, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2025-ci ilin məhsulu üçün 60 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Səpin aparılacaq sahələrin 14 min 550 hektarı suvarılan, 45 min 450 hektarı isə dəmyə torpaqlardır. İndiyədək 55 min 980 hektarda şum aparılıb, 23 min 450 hektarı buğda və 30 min 302 hektarı dən üçün arpa olmaqla, 53 min 752 hektar sahəyə toxum səpilib. Hazırda Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi və Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki rayon Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində mütəmadi monitorinqlər keçirilir.
Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, havanın uzun müddət quraq keçməsi, həmçinin yay şumunun az aparılması səbəbindən bu il dəmyə taxıl sahələrində və ona yaxın xam torpaqlarda zərərli orqanizmlər, xüsusilə siçanabənzər gəmiricilər əhəmiyyətli dərəcədə çoxalıb. Onun sözlərinə görə, son illərdə siçanabənzər gəmiricilərin belə pik həddə çatması 2009-cu, 2016-cı və 2019-cu illərin payızında müşahidə olunub.
Mərkəzin mütəxəssisləri tərəfindən indiyədək yeni səpilmiş taxıl sahələrinin 12 min 413 hektarında fitosanitar müşahidələr aparılıb, 10 min 163 hektarda sirayətlənmə aşkar edilib. Sirayətlənmiş sahələrin 8 min 24 hektarında siçanabənzər gəmiricilərin populyasiya sıxlığı iqtisadi zərərvermə həddindən çox olduğu üçün 825 hektarda mexaniki (suvarma, şum), 7 min 199 hektarda isə büdcə vəsaiti hesabına sink-fosfid preparatı ilə aldadıcı yem hazırlamaqla kimyəvi mübarizə tədbirləri aparılıb. Hazırda sirayətlənmiş taxıl sahələrində kompleks mübarizə tədbirləri davam etdirilir.