MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR–MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Seminar-müşavirəni Komissiyanın sədri Məzahir Pənahov açmışdır. Mərkəzi Seçki Komissiyasının 18 avqust 2004-cü il tarixli iclasında bələdiyyə seçkiləri gününün 2004-cü il dekabrın 17-nə təyin edildiyini xatırladan sədr, bu çətin və məsuliyyətli işdə dairə seçki komissiyalarına uğurlar arzulamışdır. O, respublikamızın inkişaf etmiş demokratik ölkələr sırasına qoşulduğunu və Avropa ailəsinə inteqrasiya olunduğunu vurğulayaraq qeyd etmişdir ki, bu prosesin əsas göstəricilərindən biri də yerli özünüidarə qurumlarının formalaşdırılmasıdır. İlk bələdiyyə seçkilərinin 1999-cu ildə keçirildiyini söyləyən MSK sədri seminar iştirakçılarının nəzərinə çatdırmışdır ki, o zaman bələdiyyələrin uğurlu fəaliyyətinə inananlar çox deyildi. Lakin ötən beş il ərzində bələdiyyələrin təsis edilməsi ilə bağlı verilən qərarın düzgünlüyü sübut olundu və bələdiyyələr özlərini doğrultdu. Artıq bələdiyyələr cəmiyyətin həyatında əhəmiyyətli rol oynayırlar. Bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi üçün onlara layiqli şəxslərin üzv seçilməsi vacibdir. Ona görə də bələdiyyələrə seçkilərə ölkəmizin ictimaiyyəti xüsusi həssaslıqla yanaşır. Dairə və məntəqə seçki komissiyalarının üzvləri əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də məsuliyyətlə çalışmalı, respublika vətəndaşlarının seçmək və seçilmək hüquqlarını təmin etməlidirlər.
Məzahir Pənahov əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də yerli seçki komissiyalarının üzvləri üçün treninqlərin keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, seminar və treninqlərin dairə məntəqə və seçki komissiyası üzvlərinin hüquqi və praktiki biliklərinin artırılması istiqamətində əhəmiyyətli rol oynadığını qeyd etmiş və bildirmişdir ki, bugünkü seminar da eyni məqsədlə təşkil edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının sədri məruzəçilərə söz vermişdir.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov və Asəf Əliyev bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi, onların müdafiəsi üçün seçici imzalarının və başqa sənədlərin təqdim edilməsi, bu sənədlərin qanunauyğunluğunun yoxlanılması və namizədlərin qeydə alınması mövzusunda, MSK–nın digər üzvləri Asif Mahmudov və Ramiz İbrahimov isə siyasi partiyaların, siyasi partiyalar blokunun, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları və onların istifadə edilməsi mövzusunda çıxış etmişlər.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallara cavablar verilmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.