MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASINDA İCRAATDA OLAN MÜRACİƏTLƏRƏ BAXILMIŞDIR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komissiyanın sədri 2005-ci il noyabrın 6-da Milli Məclisə seçkilərlə bağlı MSK-ya qanunla müəyyən edilmiş müddətdə 538 müraciətin daxil olduğunu diqqətə çatdırmışdır. Həmin müraciətlərin bir qismi MSK-nın hüquqşünas üzvləri və Komissiya Katibliyi hüquq şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb, qalanlarının da araşdırılması davam etdirilir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibləri və üzvləri icraatlarında olan müraciətlər barədə məlumat vermişlər. MSK 23 saylı Nəsimi-Səbail, 39 saylı Kəpəz birinci (Gəncə), 107 saylı Qazax, 115 saylı Şəki kənd ikinci, 59 saylı Salyan, 78 saylı Lerik–Lənkəran, 106 saylı Tovuz–Qazax–Ağstafa, 100 saylı Şəmkir–Daşkəsən, 77 saylı Astara, 105 saylı Tovuz, 45 saylı Abşeron, 54 saylı Dəvəçi–Siyəzən, 55 saylı Xaçmaz şəhər, 58 saylı Hacıqabul–Kürdəmir, 95 saylı Tərtər və 112 saylı Qax seçki dairələrinin bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda müəyyən edilmiş uyğunsuzluqlar, habelə həmin məntəqələrdə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələrdə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasına 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə daxil olmuş bir müraciətin, həmçinin 90 saylı Ağdaş seçki dairəsi üzrə daxil olmuş bir müraciətin aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqlari Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.