MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın katibi Natiq Məmmədov imza vərəqələrində, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri seçki sənədlərində olan məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir.
Qərara alınmışdır ki, imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Maliyyə, Daxili İşlər, Vergilər nazirliklərinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və Hesablama Palatasının mütəxəssislərindən ibarət işçi qrupu yaradılsın. Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri təyin edilmişdir.
Sonra Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məsələyə baxılmışdır. YAP sədrinin müavini - icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədovun və icraçı katibin müavini, parlamentin deputatı Mübariz Qurbanovun səlahiyyətli nümayəndə, YAP icraçı katibinin digər müavini, deputat Siyavuş Novruzovun isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə qərar qəbul olunmuşdur.
MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquluyevin, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin, Azərbaycan Liberal-Demokrat Partiyasının irəli sürdüyü Fuad Əliyevin, “Yaşıl siyasət” Təşəbbüs Qrupunun irəli sürdüyü Mayıs Gülalıyevin və özü tərəfindən irəli sürülmüş Qüdrət İshaqovun qarşıdakı seçkilərdə prezidentliyə namizədliyinin təsdiq olunması barədə qərarlar qəbul etmişdir.
Sonra bəzi normativ xarakterli aktlar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının təsdiq olunması haqqında da qərar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.