MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASINDA
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 2006-cı il mayın 13-də keçirilmiş təkrar seçkilərlə əlaqədar MSK tərəfindən aparılmış yoxlamaların yekunlarına dair məsələ müzakirəyə çıxarılmışdır. Bu məsələ barədə məlumat verən MSK katibi Natiq Məmədov bildirmişdir ki, dairə və məntəqə seçki komissiyalarının yekun protokolları və digər seçki sənədləri, eləcə də Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər qanunda nəzərdə tutlulmuş müddətdə araşdırılmış və araşdırmalar nəticəsində bəlli olmuşdur ki, 103 saylı seçki dairəsinin 3 saylı, 110 saylı Zaqatala seçki dairəsinin 14 saylı və 119 saylı Ağdam kənd seçki dairəsinin 10 və 37 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollar qanunun tələblərinə uyğun tərtib edilməmiş, habelə qeyd olunan qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməmişdir. Məruzəçinin təklifi ilə həmin mənətəqələrdə nəticələr etibarsız hesab edilmişdir.
Sonra Milli Məclisə təkrar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılmışdır.
Bu məsələ ilə bağlı məlumat verən MSK sədri Məzahir Pənahov qeyd etmişdir ki, mayın 13-də demokratik və ədalətli seçki keçirilmişdir. Seçki komissiyaları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişlər.
Demokratik seçkilərin keçirilməsi üçün qanunverici bazanın vacibliyini qeyd edən komissiya sədri Seçki Məcəlləsinin və Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 11 may və 25 oktyabr tarixli Sərəncamlarının bu baxımdan müstəsna əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, bundan əlavə ölkə rəhbərliyinin siyasi iradəsinin və sabitliyin demokratik seçkilərin keçirilməsi üçün əsas şərtlərdən olduğunu söyləmiş və bu sahədə atdığı addımlara görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. MSK sədri seçkilərin keçirilməsi ilə bağlı yardımçı olmuş dövlət qurumlarına və kütləvi informasiya vasitələrinə də təşəkkür etmişdir.
Mərkəzi Seçki Komissiyası təkrar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və dairə seçki komissiyaları protokollarının onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsini qərara almışdır.
MSK seçkilərin keçirilməsi ilə bağlı rəsmi sənədlərin saxlanılması haqqında məsələni də müzakirə etmiş və bununla əlaqədar hazırlanmış təlimat əsas kimi təsdiqlənmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Amerika Birləşmiş Ştatları səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.