“Məşğulluğa dəstək layihəsi” üzrə daha 170 şəxsə avadanlıqlar verilərək kiçik biznesləri yaradılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” üzrə ölkəmizin bölgələrində daha 170 şəxsə avadanlıqlar verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, verilmiş avadanlıqlarla onlar istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurublar.
“Məşğulluğa dəstək layihəsi” işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və başqaları) özünüməşğulluq fəaliyyətinin təşkilinə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimin yekununda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlar təqdim olunur.