Mətbuat konfransında əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirlərindən danışılıb
Bakı, 12 fevral, AZƏRTAC
Aqrar Tədqiqatlar Mərkəzində “Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri” mövzusunda mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutlarının rəhbərlərinin iştirak etdikləri konfransda mərkəzin direktoru İmran Cümşüdov qlobal miqyasda gedən iqlim dəyişmələrini ölkəmizin torpaq-iqlim şəraitinə də ciddi təsirindən danışıb. Bildirib ki, yağıntıların az olması, qış mövsümünün mülayim keçməsi, ilk növbədə, əkinçilikdə bitkilərin vegetativ inkişafının normada getməsinə mane olmaqla yanaşı, ziyanvericilərin aktivləşməsinə səbəb olur. “Mərkəz son dövrlərdə maarifləndirmə tədbirlərini gücləndirərək fermerlər arasında bilik və bacarıqların artırılmasına, kiçik və orta təsərrüfatlarda innovativ becərmə texnologiyalarının təbliğ olunmasına, quraqlıqla əlaqədar resursqoruyucu aqrotexniki tələblərin təmin edilməsinə çalışır. Bu maarifləndirmə tədbirləri Mərkəzin strukturuna daxil olan 7 elmi-tədqiqat institutu, 48 təcrübə təsərrüfatı, 8 regional elm və innovasiya mərkəzi tərəfindən həyata keçirilir”, - deyə İ.Cümşüdov qeyd edib.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova qlobal istiləşmənin heyvandarlığa təsirinə toxunub. Onun sözlərinə görə, quraqlıq, ilk növbədə, heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir göstərir. Mövsümə uyğun olmayan isti hava şəraiti heyvanlar arasında yeni epidemiya və epizootiyaların yayılması ehtimalını artırır. Belə ki, qansoran həşaratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur. Baytarlıq və tibb sahələrində bütün bu xoşagəlməz faktlar tropik və subtropik xəstəliklərin öz təbii areallarından çıxaraq dünyada geniş yayılmasına yol açır. “Göy dil” xəstəliyi, “Qərbi Nil” qızdırması, “Denqe” (Tropik) qızdırması, “Hanta” virusu, “Ebola” qızdırması kimi ekzotik və arealı müəyyən coğrafi sahə ilə məhdudlaşan xəstəliklərin iqlimin istiləşməsi nəticəsində geniş yayılması xüsusi narahatçılıq doğurur. Havanın temperaturunun və nəmliyinin kəskin sürətdə artması kol və qamışlıq bitkilərinin daha sürətlə inkişaf etməsinə gətirib çıxarır, bu da dovşankimilərdə parazitlik edən leptospiroz kimi təhlükəli xəstəliklərin yayılma ehtimalını artırır. Belə proseslərin mənfi təsiri isti iqlim olan ölkələrdə kənd təsərrüfatı heyvanlarının yüksək hərarətdən baş verən temperatur şokuna, susuzluq və immun sisteminin zəifləməsinə gətirib çıxarır. Həmçinin invazion və xüsusi təhlükəli zoonoz (yəni heyvanlardan insana keçən) xəstəliklərin yayılmasına və artmasına səbəb olur.
Mətbuat konfransında çıxış edən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev mövsümə uyğun olmayan iqlim dəyişmələrinin təsirlərini belə qiymətləndirib. “Gələcəkdə maldarlıq sahəsində müasir metodların təkmilləşdirilməsi mal-qaranın yoluxucu xəstəliklərini azalda bilər. Belə ki, mal-qaranın iri sürülərdə toplanması, bütün yay ərzində çəmənlərin otlaq kimi istifadə edilməsi, otlağın mal-qara tərəfindən güclü tapdanması çöl gəmiricilərinin məskunlaşma şəraitini pisləşdirir. Yer kürəsinin torpaq səthinin təxminən 26 faizi yalnız otlaq üçün istifadə olunur ki, bu isə Afrika və Avropa İttifaqının ümumi ərazisinə bərabərdir. Meşələrin azalması və torpaq istifadəsindəki dəyişikliklər təsirsiz ötüşmür. Dırnaqlı heyvan sürülərinin otarılması insanın təbii bioloji komplekslərə ən geniş yayılan təsir formasıdır. Hədsiz otarma zamanı çəmən və bozqır bitki örtüyü deqradasiyaya uğrayır, çim qatı məhv edilir, torpaq qatı dağıdılır, faunanın növ tərkibi kasadlaşır. Habelə torpağın hidroloji rejimi pozulur, bərkimiş torpaqda otların böyüməsi olduqca zəifləyir, nəticədə qurumuş, tapdanmış torpaq qatı bitkidən məhrum olur. Mal-qara tapdağının nəticəsi yaşayış məntəqələri ətrafında daha çox nəzərə çarpır. Belə yerlərdə eroziya və səhralaşma prosesi özünü göstərir. Bozqır sahələrin mal-qara döyənəyinə çevrilməsi və burada xam yerdən fərqli alçaq boylu və quraqlıq sevən bitkilərin yayılması müxtəlif sünbülqıran növlərinin artması üçün əlverişli şərait yaradır”.
Tədbirdə çıxış edən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə iqlimin dəyişməsinə qarşı bitkilərin həssaslığının azaldılması istiqamətində istixana tərəvəzçiliyinin yeni ekoloji şəraitə uyğun təşkili və inkişafı tədbirlərini vurğulayıb. Bildirib ki, bölgələrdə əkin üçün az yararlı olan, lakin suvarma suyu, elektrik enerjisi, işçi qüvvəsi cəlb etmək imkanları, küləklərdən və qardan mühafizəsi mümkün olan sahələrdə müasir istixana qurğularının yaradılması və inkişaf etdirilməsi, istixanalarda becərmək üçün yerli şəraitə uyğun və məhsuldar, abiotik faktorların stress təsirlərinə qarşı davamlı olan bitkilərin əlverişli nümunələrinin seçilərək becərilməsi mühüm istiqamətlərdəndir. İstixana qurğularının tipinə uyğun olaraq seçilmiş kənd təsərrüfatı məhsullarının sort və hibridlərinin ən səmərəli becərmə texnologiyasının işlənməsi, istixana şəraitində pomidor və xiyar bitkilərinin becərilməsi üçün ən əlverişli gübrə formalarının və kimyəvi preparatların seçilməsi, onların optimal dozalarının və tətbiq müddətlərinin, eləcə də suvarma rejimlərinin müəyyən edilməsi, istixana torpağının ekoloji təmizliyinin qorunub saxlanması mühüm şərtdir. O cümlədən istehsal edilmiş məhsulların keyfiyyətinə nəzarətin təşkili məqsədilə müasir səviyyəli laboratoriya nəzarət cihazlarının əldə edilməsi və tətbiqi, istixana şəraitində istehsal edilmiş məhsulların yığımının, qablaşdırılaraq səmərəli satışa nail olmaq məqsədilə müasir tələblərə uyğun texniki təchizatlı saxlama anbarlarının qurulması işinin genişləndirilməsi müdafiə tədbirləri sırasına daxildir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev mövsüm ərzində görüləcək işlərlə bağlı fermerlərə tövsiyələr verib. Qeyd edib ki, taxılçılıqda əkin sahələrinin mövcud vəziyyətinin təhlil olunması, məhsuldarlığın artırılması, xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı vaxtında düzgün aqrotexniki tədbirlərin aparılması, payızlıq əkinlərin iqlimdən asılı olaraq qışlama dövrünün normal keçməsi və gecikmiş əkinlərin normal inkişafı üçün profilaktik tədbirlərin aparılması vacibdir. Gəmiricilərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması, zəif inkişaf etmiş sahələrə azot gübrəsinin (sələf bitki, səpinqabağı verilən yemləmə gübrəsi nəzərə alınmaqla) verilməsi, ehtimal olunan xəstəlik və zərərvericilərin yayılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi, əkin altında olan torpaqların meliorativ vəziyyətinin qiymətləndirilməsi və torpaq analizlərinin aparılması mühüm istiqamətlərdir.
Quraq mövsümdə bağların qorunması tədbirləri haqqında danışan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bildirib ki, üzüm quraqlığa davamlı mezofit bitkidir. Lakin havanın və torpağın rütubəti tənəyin böyümə və inkişafına, məhsulun kəmiyyət və keyfiyyətinə çox təsir edir. Suvarılmayan üzümlüklərdə (dəmyə şəraitində) bitkinin böyüyüb inkişaf etməsi üçün illik yağıntılar optimal miqdarda, yəni 500-600 mm-dən az olmamalıdır. Son dövrlərdə qlobal istiləşmə fonunda kənd təsərrüfatı əhəmiyyətli bitkiləri təhlükəli risk amili - quraqlıqla üz-üzə qalıb. “Quraqlığa qarşı mübarizə tədbirləri əsasən üç qrupda - quraqlığa davamlı sortların seçilməsi, kökün əsas hissəsinin yerləşdiyi torpaq hissəsində rütubətin toplanması və saxlanması, eləcə də tənəyin bilavasitə özünə təsir edən müvafiq aqrotexniki tədbirlərin tətbiq edilməsi kimi təsnif olunur. Üzümün becərilmə şəraitindən (suvarılan və suvarılmayan) asılı olaraq quraqlıqla mübarizədə müxtəlifliklər meydana çıxır. Suvarılan üzümlüklərdə əsasən suya qənaətedici üsullardan istifadə (damcıvari suvarma və s.) və nəmliyin qorunmasına yönəlmiş aqrotexniki və torpaq becərmələri üstünlük təşkil edir. Adətən torpağa ən çox su payız-qış mövsümündə daxil olur. Buna görə də nəmliyin toplanması və saxlanması üzrə tədbirlərə payızda, məhsul yığımı bitdikdən sonra başlanmalı və bütün qışboyu, davam etdirilməlidir”, - deyə Elmi-Tədqiqat İnstitutunun direktoru bildirib. Bunun üçün məhsul yığımından sonra dərhal torpaq becərmələrinə başlamaq (payızda sahədə və cərgəaralarında torpağın şumlanması, payızda torpaq layını çevirməklə, yazda isə çevirməməklə 18-20 sm dərin şumlanması, yaz işlərindən sonra torpağı dərindən 10 sm, eləcə də yay dövründə 6-7 sm dərinliyində bir neçə dəfə torpağın yumuşaldılması cərgələrarası yay kultivasiyası), qarı süni saxlama (qışda tənəklərin ətrafında qar toplanılması, kolun dibində çala qazmaq), yazda nəmliyin saxlanması üçün mulçalama, torpağın yaxşı strukturasını yaratmaq və s. kimi aqrotexniki tədbirlər həyata keçirilməlidir. Transpirasiyanı azaltmağa və dərində yerləşən köklərin sorucu zonasını artırmaq məqsədilə tənəyə forma vermək, yaşıl əməliyyatı, bağlama, dərin əkmə, katarovka və s. tədbirlər vaxtında yerinə yetirilməlidir. Bu tədbirlər sırasına tənəyə üzvi və mineral maddələr verilməsi (xüsusən kalium gübrələri), habelə bitkinin vegetasiya ərzində əlavə gübrələnməsi və s. aiddir. İldən-ilə təkrar olunan bu əməliyyatlardan başqa, cərgə aralarında vaxtaşırı dərin plantaj şumu aparılmalıdır.
Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Entomologiya şöbəsinin müdiri Kazım Hüseynov ekoloji faktorlardan olan abiotik və hidro-edafik amillərin kənd təsərrüfatı bitkilərinə mənfi təsirinə toxunub. Diqqətə çatdırıb ki, 2019-2020-ci mövsüm ilində yağıntıların normadan qat-qat az olması, 2019-cu ildəki yüksək temperatur göstəricilərinin buxarlanmanı sürətləndirməsi, torpaq qatında nəmliyin, havada isə nisbi rütubətin çatışmazlığına səbəb olub. Belə şəraitdə payızlıq dənli bitkilər yarovizasiya prosesini qeyri-qənaətbəxş keçib, cücərmə, kollanma inkişaf mərhələləri tam başa çatmayıb. Bu isə səpilmiş toxum materialının bir hissəsinin cücərməməsi, digər hissəsinin cücərtilərinin isə ya torpağın səthinə çıxmaması, ya da zəif çıxışı ilə nəticələnib. Mövsümə uyğun bioloji xüsusiyyətlərə malik olmayan bitkilər isə zərərvericilər (məftil qurdlar, taxıl böcəkləri, siçanabənzər gəmiricilər, sümürtkən böcəklər və s.) tərəfindən məhv edilir, xəstəlik törədiciləri (kök çürümələri, helmintosporioz və s.) ilə sirayətlənir, alaq otları tərəfindən sıxışdırılır. Digər tərəfdən qeyri-əlverişli ekoloji amillərə qarşı daha çox davamlılıq qazanmış zərərvericilər diapauzaya (qış və ya yay yuxusu) düşmür və qidalanmanı bütün ilboyu davam etdirir. Bu isə məhsul itkisini daha da artırır.
Mətbuat konfransının sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.