Metropolitenin terminlər lüğəti Azərbaycan dilindən düzgün istifadə etmək vərdişlərinə xidmət edəcək
Bakı, 5 aprel, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin 3 dildə terminlər lüğəti çap olunub. Bir neçə il əvvəl bu məqsədlə geniş tərkibdə yaradılmış mütəxəssislərdən ibarət xüsusi qrup “Azərbaycanca-rusca-ingiliscə” terminlər lüğəti üzərində işi başa vurub. Lüğətin 2022-ci ildə işıq üzü görməsi “Bakı Metropoliteni”nin 55 illiyinə bir töhfə olub.
AZƏRTAC xəbər verir ki, bunu QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Sədr müavini vurğulayıb ki, lüğətə elm və sənayenin metropolitenin fəaliyyəti ilə sıx bağlı olan sahələrini əhatə edən 5200-dən artıq termin və terminoloji ifadə daxil edilib. Nəşr metropolitenin istismarı və tikintisi, mütəxəssislərin yetişdirilməsi, peşə hazırlığı sahələrində milli düşüncə tərzinin formalaşdırılması, dövlət dilinin tətbiqinin genişləndirilməsi və Azərbaycan dilindən düzgün istifadə etmək vərdişlərinin yaradılmasına xidmət edəcək. Lüğəti səciyyələndirən bir əlamət də onun izahi mahiyyətə malik olmasıdır. Bəzi çətin terminlərin Azərbaycan dilində qarşılığında onların açıqlaması da verilib.
“Azərbaycanın müstəqilliyinin ilk illərindən kargüzarlıq işinin təşkili, metropolitendə istifadə olunan təlimatların Azərbaycan dilinə tərcüməsi, müxtəlif sahələrə aid terminlərin dilimizə uyğunlaşdırılması sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında böyük çətinliklər yaranmışdı. Həmçinin metropoliten müxtəlif fəaliyyət sahələrini, 140-dan artıq peşəni özündə cəmləşdirən spesifik bir müəssisədir. Bu mənada xüsusi terminologiya lüğəti olmadan vəziyyətdən çıxış yolu tapmaq mümkün deyildi. 2000-ci illərin əvvəllərində “Azərbaycanca-rusca metropoliten terminləri lüğəti”nin hazırlanması bu sahədə göstərilən ilk cəhd kimi təqdirəlayiq hal olsa da, əhatə dairəsinə, terminlərin tərcüməsində yol verilən bəzi qeyri-dəqiqliklərə görə mükəmməllikdən uzaq düşməklə günün tələblərinə də cavab vermirdi. Digər tərəfdən bu illər ərzində yeni texnologiyaların yaranması dilimizə xeyli sayda texnoloji neologizmlər gətirib. Bu da indiki halda metropoliten kimi mürəkkəb infrastruktura və xüsusiyyətlərə malik nəqliyyat strukturunun yeni bir terminologiya lüğətinə ehtiyac yaradıb”, - deyə Hidayət Məmmədov bildirib.
Lüğəti metropolitenin Təlim-tədris mərkəzinin tədris işləri üzrə rəis müavini Rizvan Bayramov tərtib edib. İş prosesində “Bakı Metropoliteni” QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov, metropolitenin veteranı, “Fəxri metropolitençi” Fuad Tağızadə məsləhətçi, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Əli Fərəcov tərtibatçı və redaktor kimi yaxından iştirak ediblər.
Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC-nin terminologiya lüğətçiliyi sahəsindəki fəaliyyətinin ilk nümunəsinin ərsəyə gəlməsində Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov, tədris üzrə mütəxəssislər Fazil Fərzəliyev, Fəxrəddin Əmirov və Niyazi Hətəmov, Qazan nəzarəti müfəttişliyi şöbəsinin rəisi Turman Əliyev, Yol xidməti istehsalat-texniki şöbənin rəisi Azər Məmmədov, Mühafizə və yanğın təhlükəsizliyi xidmətinin rəisi İnam Əzimov və Eskalator xidmətinin distansiya rəisi Çingiz Hüseynquliyevin zəhməti böyükdür.