Milad bayramı Gürcüstanda “Alilo” yürüşü ilə qeyd olunub
Tbilisi, 7 yanvar, AZƏRTAC
Gürcüstanda İsa peyğəmbərin mövlud günü - Milad bayramı təntənə ilə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, yanvarın 6-da gecə saat 23:00-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimi keçirilib.
Hökumət koronavirusla əlaqədar tətbiq etdiyi komendant saatı rejimini yanvarın 6-da saat 21-dən yanvarın 7-si saat 21-dək ləğv edib.
Mərasim koronavirusla əlaqədar təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, tibbi maska geyinmək və ara məsafəsi qorunmaq şərtləri ilə təşkil olunub.
Pravoslav xristianların Milad bayramı yanvarın 7-də “Alilo” adlı mərasimlə davam edib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə din xadimləri əhalini avtomobillərdən salamlayıblar.
Tbilisidəki Respublika meydanından başlayan ənənəvi “Alilo” yürüşü Müqəddəs Troitsa kilsəsində başa çatıb.
Rustaveli prospektində, parlamentin və Tbilisi meriyasının binası önündə dövlət və hökumət üzvləri, deputatlar yürüş iştirakçılarını salamlayıb, hədiyyələr təqdim ediblər.
Rustaveli prospektində, Azadlıq meydanında, Barataşvili körpüsünün üstündə, küçələrdə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyatlar veriblər. Toplanılan yardımlar kimsəsiz, tənha və köməyə ehtiyacı olan insanlara paylanacaq.
Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs Troitsa kilsəsində iştirakçıları salamlayıb, onlara xeyir-dua verib. İştirakçılar Patriarx II İliyaya şirniyyat təqdim ediblər.
Bununla da Gürcüstanda Pravoslav xristianların bayram tədbirləri başa çatıb.
Qeyd edək ki, “Alilo” bayramı Gürcüstanda XIV əsrdən qeyd olunur. Lakin bir müddət bu bayramın qeyd edilməsi qadağan olunmuşdu. Gürcü xalqı 2000-ci ildən yenidən bu bayramı təntənə ilə qeyd edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi