Milan Obradoviç: “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir
Sumqayıt, 29 iyul, AZƏRTAC
“Sumqayıt” futbol klubu 2019/2020-ci illər mövsümü üçün hazırlığını Türkiyədə davam etdirir. Ankaranın Qızılcahamam bölgəsində keçirilən təlim-məşq toplanışı zamanı “Sumqayıt” futbol klubunun məşqlərini izləyənlər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç də olub.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milan Obradoviç məşqlərdən sonra deyib: “Bir neçə gün Türkiyədə oldum. Ankaranın Qızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırkı vəziyyətini öyrənmək idi. “Sumqayıt”a gəldikdə isə, bu klubun 2 məşqini canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərir? Bu barədə klubun baş məşqçisi ilə də söhbətim oldu. Ümumilikdə, futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. “Sumqayıt” klubu olduqca intensiv və dinamik məşqlər edir, özlərini maksimum şəkildə göstərməyə çalışırdılar.
Burada məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan öyrənməyə çalışırlar. Bu komandada gənc futbolçuların sayı digərlərinə nisbətən daha çoxdur və gənclərin ilk 11-lik üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdır. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın üzvünə çevrilməyə çalışmalıdırlar.
Baş məşqçi Ayxan Abbasov ilə də fikir mübadiləsi apardım. O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. Çünki “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndir”.