“Milla” şirkəti IV İslam Həmrəyliyi Oyunlarının dəstəkçiləri sırasına qoşulub
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanda uğurla fəaliyyət göstərən, süd və süd məhsullarının istehsalı sahəsində ön sıralarda gedən “Milla” şirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının dəstəkçiləri sırasına qoşulub.
AZƏRTAC xəbər verir ki, “Milla” şirkəti “Bakı-2015” birinci Avropa Oyunlarının da rəsmi dəstəkçisi olaraq, Əməliyyat Komitəsi ilə əməkdaşlığı uğurla davam etdirib, Azərbaycanda keçirilən mühüm idman tədbirlərinə dəstək verir.
“Bakı-2017”nin rəsmi dəstəkçisi olaraq, “Milla” IV İslam Həmrəyliyi Oyunları zamanı yarışların keçiriləcəyi bir çox məkanlarda azarkeşləri şirkət tərəfindən istehsal olunan süd məmulatları, xüsusən dondurma ilə təmin edəcək. Bununla yanaşı, Oyunların geniş təbliği məqsədilə şirkətin bir sıra məhsullarının üzərində “Bakı-2017”nin loqosu yerləşdiriləcək.
“Milla”nın IV İslam Həmrəyliyi Oyunlarının dəstəkçisi olması barədə fikirlərini bölüşən “Bakı-2017”nin Əməliyyat Komitəsinin maliyyə və kommersiya üzrə direktoru Deyv Berri əminliklə söyləyib ki, birinci Avropa Oyunlarında olduğu kimi, “Bakı-2017”də də şirkət ilə əməkdaşlıq yüksək səviyyədə həyata keçiriləcək: “Milla” marketinq fəaliyyəti ilə daim ön sıralarda gedən şirkətlərdən biri kimi tanınıb. Şirkət Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi məkanlarda, qəlyanaltı köşklərini və qida məhsulları üçün nəzərdə tutulan soyuducuları öz məhsulları ilə təmin etməklə, əhalimizə fərqli seçim və dadlı təamlar təqdim edəcək. Müqaviləyə əsasən, həm idmançılar, həm də tamaşaçılar şirkətin xidmətindən yararlanacaqlar”.
“Milla” şirkəti 2011-ci ildən ölkəmizdə fəaliyyət göstərən “AZ Group Holdinq”ə daxil olan Azərbaycan Qida və Qablaşdırma Şirkətinin brendi olaraq, alıcılara yüksək keyfiyyətli süd və süd məhsulları təklif edir.
Holdinq prezidentinin müşaviri İman Tabassomi əməkdaşlıqdan məmnunluğunu bildirib, Oyunların ən yüksək səviyyədə keçməsi üçün lazım olan dəstəyi göstərəcəklərini diqqətə çatdırıb: “AZ Group Holdinq”in prezidenti Manuçehr Ahadpurun adından bildirmək istərdim ki, mayın 12-22-də Bakıda gerçəkləşəcək və 4 minədək idmançının qatılacağı IV İslam Həmrəyliyi Oyunlarının bir parçası olmaq qürurvericidir. İdmançıların qələbələrinə sevinmək, onlara dəstək olmaq bizi birlikdə güclü və qalib edəcək. Həmin anları birlikdə yaşamaq, tarixi məqamları birgə bölüşmək bizim üçün unudulmaz olacaq. Sülhün, ədalətin, qələbənin, dostluğun rəmzi olan idman, qoy, hər zaman bizi öz ətrafında birləşdirsin!”
Şirkətin baş meneceri Filip Rayt “Bakı-2017”yə dəstəyin vacibliyini vurğulayaraq bildirib ki, Oyunlar zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələcək qonaqlara və idmançılara rayonlarımızdan gətiriləcək və bir-birindən fərqli ləziz süd çeşidlərini təqdim etmək “Milla” şirkəti üçün qürurverici olacaq. “Daim qələbə uğrunda mübarizə aparan idmançılara bənzəyən şirkətimizin də bir amalı var: öndə getmək, keyfiyyətin yüksəkliyi ilə hər bir alıcını məmnun etmək, nəticədə müştərilərimiz tərəfindən “qızıl medal”a layiq olmaq”, - deyə Filip Rayt qeyd edib.