MİLLİ BANK BANKOMAT VƏ POS-TERMİNALLARIN ALINMASI VƏ ÇATDIRILMASI ÜZRƏ MÜSABİQƏ KEÇİRİR
Bununla bağlı Milli Bank müsabiqədə marağı olan təşkilatları 40 ədəd bankomatın və 100 ədəd POS-terminalın alınması və çatdırılması üçün təkliflər verməyə dəvət edir.
Müsabiqə Dünya Bankının “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının borcları və Beynəlxalq İnkişaf Assosiasiyasının kreditləri üzrə Satınalma Qaydaları”nda nəzərdə tutulmuş beynəlxalq rəqabətli tender şərtlərinə uyğun olaraq keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyən təşkilatın bu sahədə üç illik iş təcrübəsi olmalıdır. Bu müddətin azı bir ili markası geniş tanınmış bankomat və POS-terminalların istehsalına, yaxud satışına aid olmalıdır.
Müsabiqənin sənədlər toplusunu marağı olan təşkilatlar yazılı tərtib edilməklə və geri qaytarılmamaqla 150 ABŞ dollarını və ya 750 min manatı Milli Bankın aşağıdakı hesablarına ödəməklə əldə edə bilərlər: Nyu-York Federal Rezerv Bankı (FRNY US 33). Hesab nömrəsi – 021088221AZER; Nyu-York Siti Bank (CİTİ US 33). Hesab nömrəsi – 36113787; NBA SVVİFT kod: NABZAZ2X. NBA tranzit hesabı – 0170690001031.
Təkliflərə 85 milyon manat və ya eyni məbləğin azad mübadilə olunan valyuta ekvivalentində təminat məktubu əlavə olunmalıdır.
Təkliflər indidən başlayaraq, 2004-cü il oktyabrın 1-də saat 15.30-dək çatdırılmalıdır. Bu vaxtdan gec çatdırılan təkliflər qəbul olunmayacaqdır. Təkliflər zərfi 2004-cü il oktyabrın 1-də saat 15.30-da müsabiqəyə qatılan təşkilatların nümayəndələrinin iştirakı ilə Milli Bankın inzibati binasında açılacaqdır.