Milli Depozit Mərkəzi ilk dəfə xarici depozitarda hesab açıb
Bakı, 7 yanvar, AZƏRTAC
Milli Depozit Mərkəzi (MDM) tərəfindən Türkiyənin mərkəzi depozitarı olan “Merkezi Kayıt Kuruluşu”nda (MKK) nominal hesab açılıb.
MDM-dan AZƏRTAC-a bildirilib ki, bununla, qurum etibarlı tərəf kimi çıxış edərək, yerli institusional investorlar üçün Türkiyənin dövlət qiymətli kağızları ilə ticarət əməliyyatlarını həyata keçirmək imkanı yaradıb. Türkiyənin “Ziraat” Bankı MDM-in MKK-dakı hesabı üzrə əməliyyatların aparılması məqsədilə hesab operatoru olaraq təyin edilib. Beləliklə, MDM ilk dəfə olaraq xarici depozitar təşkilatında hesab açaraq investorların xarici bazarlarda iştirakını təmin edib.
Ötən müddət ərzində MDM və MKK arasında uğurla davam edən əməkdaşlıq çərçivəsində iki qardaş ölkənin kapital bazarlarında ticarət olunan qiymətli kağızların hər iki ölkənin investorları üçün əlçatanlığının təmin edilməsi istiqamətində davamlı danışıqlar aparılıb. Qarşılıqlı nominal saxlayıcı hesabların açılması məsələsi 2021-ci ilin fevral ayında keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında da nəzərdə tutulub.
Qeyd edək ki, MDM-də MKK üçün nominal hesabın açılması, o cümlədən türkiyəli investorların Azərbaycanın qiymətli kağızlar bazarında ticarət imkanlarının genişləndirilməsi üzrə danışıqların cari ildə də davam etdirilməsi nəzərdə tutulur.