Milli İncəsənət Muzeyində növbəti tədbir - “Zəfərin mübarəkdir, ey Vətən!”
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində azyaşlı məktəblilər üçün “Zəfərin mübarəkdir, ey Vətən!” adlı tədbir təşkil olunacaq.
Tədbirin məqsədi məktəblilərə ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etmək, gələcək nəsillərə vətənimizin keşiyində layiqincə durmağa, müstəqil dövlətimizin qədrini bilməyə səsləməkdir.
Tədbir proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, “Qələbə Günü” adlı mühazirə ilə davam edəcək. Uşaqlar seçimdən asılı olaraq Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsini “Puzzle-panno” şəklində və ya quruda, suda və havada daim Vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin simvollarından ibarət kompozisiyanı quaş boyalarla rəngləyəcəklər. Eləcə də, bu günlə əlaqədar “Mədəniyyətimizin incisi- Qarabağ” adlı tematik sərgi ilə tanış olacaq, milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.