MƏDƏNİYYƏT
Milli Kitabxanada Milli Musiqi Günü münasibətilə ənənəvi kitab sərgisi açılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb və bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu münasibətlə Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim edilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, görkəmli bəstəkarlar haqqında, Azərbaycan musiqisinin tarixi, musiqişünaslıq, milli musiqi mövzusunda Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.