MİLLİ MƏCLİS 2003-CÜ İL DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNİ DAVAM ETDİRMİŞDİR
Milli Məclisin noyabrın 5-də keçirilmiş ümumi iclasında “Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi davam etdirilmişdir. İclası Milli Məclisin sədri Murtuz Ələsgərov aparırdı.
Hesablama Palatasının sədri Namiq Nəsrullayev 2003-cü il üçün sosial-iqtisadi proqnozlar konsepsiyasının əsas göstəriciləri barədə çıxış etdi. O dedi ki, konsepsiyanı və Dövlət büdcəsinin layihəsini sosial istiqamətinə və mütərəqqiliyinə görə mükəmməl sənədlər kimi səciyyələndirmək olar. Bu sənədlərdə əhalinin həyat səviyyəsini yüksəltmək, yoxsulluğun və sosial qeyri-bərabərliyin səviyyəsini aşağı salmaq, iqtisadiyyatın yüksək artım sürətini təmin etmək sahəsində mühüm tədbirlər nəzərdə tutulmuşdur. Eyni zamanda, büdcənin yerinə yetirilməsinə nəzarət mexanizmi ildən-ilə təkmilləşir, maliyyə intizamı güclənir. Büdcə paketinə səhiyyəyə, elm və təhsilə, mədəniyyətə dair proqramlar da daxildir. Lakin onlarda ünvanlı konkret tədbirlər, bu tədbirlərin həyata keçirilməsi müddətləri, maliyyə təminatı göstərilməmişdir. Bu isə onların yerinə yetirilməsinə nəzarəti çətinləşdirir. Həmin amillər Hesablama Palatasının funksiyalarının həyata keçirilməsinə mənfi təsir göstərir.
Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov çıxışında vurğuladı ki, “Dövlət büdcəsinin müzakirə olunan layihəsi sübut edir ki, 2003-cü il Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatın həyata keçirilməsində mühüm mərhələyə çevriləcəkdir”. O, 2003-cü il Dövlət büdcəsinin layihəsini dinamik bir layihə kimi səciyyələndirərək bildirdi ki, ümumi daxili məhsulun gələn il üçün nəzərdə tutulan 25-27 faiz artımı ölkənin iqtisadi potensialını əks etdirir. Büdcə kəsirini ÜDM-in 1 faizinədək azaldılması makroiqtisadi göstəriciləri və pul kütləsini artırmağın çox mühüm amilidir.
Elman Rüstəmov vurğuladı ki, gələn il üçün nəzərdə tutulan vergi yükünün aşağı salınması vergilərin həcminin azalmasına təsir göstərmir, əksinə, onun 10-12 faiz artmasına kömək edəcəkdir. O, büdcənin məxaric hissəsindən danışaraq dedi ki, nəzərdə tutulan tarazlı siyasət sayəsində 1 trilyon 300 milyard manat vəsait əsas maliyyə sənədinin sosial istiqamətinin gücləndirilməsinə yönəldilir. Bütün bu müsbət meyllər əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə və mallara tələbatın artmasına gətirib çıxaracaqdır. Bu tələbatı isə yerli istehsal hesabına ödəmək lazımdır. Milli Bankın İdarə heyətinin sədri 2003-cü il Dövlət büdcəsini inkişaf büdcəsi adlandırdı.
Elman Rüstəmov ilk növbədə enerji sektoru ilə bağlı olan qarşılıqlı borclar problemi üzərində də dayandı. Xarici borclara gəldikdə isə, o bildirdi ki, bu il Beynəlxalq Valyuta Fondunun borclarından 45 milyon dollar qaytarılmışdır.
Dövlət büdcəsi layihəsinin müzakirəsi Milli Məclisin növbəti iclasında davam etdiriləcəkdir.