SİYASƏT
Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir








Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Azərbaycan parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada Anıtqəbiri ziyarət edib, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq abidə önünə gül dəstəsi qoyublar.
Bu gün nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunla görüşüb.
Görüşdə iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafından söhbət açılıb. Həmçinin parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inam ifadə edilib.
Söhbət zamanı iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib, həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişafı məsələlərinin də yer aldığı diqqətə çatdırılıb, aparatlar arasında əməkdaşlığın perspektivləri barədə danışılıb.
Sonra nümayəndə heyəti TBMM Katibliyinin beş şöbəsinin nümayəndələri ilə görüş keçirib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti qeyd edilib, məruzələr dinlənilib. Şöbə müdirləri öz şöbələrinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər.
Azərbaycan Parlamenti Aparatının nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Sonra TBMM-ə gələn nümayəndə heyətinin üzvləri burada media mərkəzi, kitabxana, televiziya mərkəzi, mətbəə ilə tanış olublar, onların fəaliyyəti ilə maraqlanıblar.
TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla keçirilən görüşdə parlamentlərimizin iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın mövcud olduğu qeyd edilib. Tərəflər qarşılıqlı səfərlərin qanunverici orqanlarımızın daha sıx əməkdaşlığına töhfə verdiyini vurğulayıblar.