MİLLİ MƏCLİS BƏZİ QANUNLARA DƏYİŞİKLİK ETMİŞDİR
“Hesablama Palatası haqqında” Qanuna edilən dəyişiklikdə deyilir ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı şərti maliyyə vahidinin 1200 mislinə, müavinin maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə, auditorların maaşları isə 85 faizinə bərabərdir. Bundan əlavə, Hesablama Palatasının sədrinə, müavininə, auditorlarına hər ay vəzifə maaşlarının 25 faizi məbləğində pul təminatı veriləcəkdir.
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanuna edilən dəyişiklikdə isə ombudsmanın aylıq vəzifə maaşının şərti maliyyə vahidinin 1200 mislində müəyyən olunması nəzərdə tutulur. Konstitusiyaya görə müvəkkilin əmək haqqısı ilə bağlı məsələ 6 aydan sonra təkrarən səsə qoyulduqdan sonra qüvvəyə minəcəkdir.
“Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara edilən dəyişikliklərdə Konstitusiya Məhkəməsi sədrinin və Ali Məhkəmənin sədrinin vəzifə maaşları şərti maliyyə vahidinin 1300 misli məbləğində, digər hakimlərin maaşları isə müvafiq olaraq 90 faizdən 70 faizə qədər müəyyən edilmişdir.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna edilən dəyişikliyə əsasən, Milli Məclis sədri şərti maliyyə vahidinin 1400 misli, onun birinci müavini bunun 90 faizi, müavinləri 85 faizi, komissiya sədrləri 80 faizi, komissiya sədrlərinin müavinləri 75 faizi, deputatlar isə 70 faizi məbləğində maaş alacaqlar. Bundan əlavə, deputatlara öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərcləri ödəmək üçün vəzifə maaşlarının 25 faizi məbləğində əlavə pul təminatı verilir.
Qanunlara edilən dəyişikliklər səs çoxluğu ilə qəbul olunmuşdur.