MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Aqrar siyasət daimi komissiyasının sədri, ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov Milli Məclisin fəaliyyəti, beynəlxalq təşkilatlarla, eləcə də dünya ölkələrinin parlamentləri ilə əməkdaşlığı barədə qonağa ətraflı məlumat vermişdir.
Sonra o, Azərbaycanın regiondakı rolundan və mövqeyindən, üzləşdiyi problemlərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, beynəlxalq təşkilatların məsələyə münasibətindən danışmışdır. Bildirmişdir ki, Avropa Şurası artıq Ermənistanı təcavüzkar dövlət, Dağlıq Qarabağdakı qurumu isə separatçı rejim adlandırmışdır. Belə bir qərarın tezliklə ATƏT PA-da da qəbul ediləcəyi gözlənilir. Amma əfsuslar olsun ki, bəzi təşkilatlar, o cümlədən Avropa Parlamenti erməni lobbisinin təsiri altında yanlış qərarlar qəbul edirlər. Onların da məsələyə obyektiv yanaşmasını və düzgün qərarlar qəbul etməsini istərdik.
Jan Brezina demişdir ki, bəzən kifayət qədər məlumatlar olmadıqda yanlış qərarlar qəbul edilə bilər. Bakıya səfərdən məqsəd Azərbaycanda gedən proseslər, Avropaya inteqrasiya barədə ətraflı məlumat toplamaq, ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Eləcə də, Azərbaycanla bağlı məlumatları Avropa Parlamentinə düzgün çatdırmaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Görüşdə Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, regional məsələlər daimi komissiyası sədrinin müavini Fəttah Heydərov iştirak etmiş, azərbaycanlı və çexiyalı deputatların ATƏT PA-dakı əməkdaşlığının vacibliyindən danışmışlar.