MİLLİ MƏCLİSDƏ QƏBUL
Oktyabrın 3-də Milli Məclisin sədri Murtuz Ələsgərov Böyük Britaniya parlamenti lordlar palatasının üzvü, Con Smit adına fondun idarə heyətinin sədri lord Con Makklaski başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycanda insan hüquqlarına və demokratiyanın inkişafına dair konfransın, - onun işində qonaqlar da iştirak etmişlər, - yekunlarını yüksək qiymətləndirdi. O, Böyük Britaniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini nəzərə çarpdırdı. Böyük Britaniya parlamenti lordlar palatası üzvlərinin, habelə bu ölkənin bir sıra təşkilatlarının nümayəndələrinin respublikamıza səfərləri dövlətlərimiz arasında daha sıx əməkdaşlığa təkan verir.
Murtuz Ələsgərov qonaqları ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi barədə məlumatlandırdı. O, həmin öhdəlikləri üç hissəyə ayırdı. Birinci hissə Avropa konvensiyalarının qəbul və ratifikasiya edilməsindən ibarətdir. Azərbaycan parlamenti indiyədək 31 Avropa Konvensiyasını ratifikasiya etmişdir. Onların arasında insanın əsas hüquq və azadlıqlarının qorunması haqqında konvensiya və ona aid protokollar xüsusilə diqqətəlayiqdir. Bu konvensiya əsasında Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilmişdir. Digər mühüm konvensiyalar - yerli özünüidarə haqqında Avropa xartiyası, imtiyazlar və immunitetlər haqqında konvensiya da ölkəmizin qanunvericilik orqanı tərəfindən ratifikasiya olunmuşdur. Murtuz Ələsgərov bu sənədlərin əhəmiyyətini vurğulayaraq dedi ki, onların əsasında bir sıra qanun layihələri hazırlanmış və qəbul edilmişdir. Təkcə yerli özünüidarə haqqında xartiya əsasında bələdiyyələrin fəaliyyətini tənzimləyən 15-dən çox qanun qəbul olunmuşdur. Öhdəliklərin ikinci hissəsi Avropa Şurasının tələblərinə müvafiq surətdə konstitusiya islahatları aparılmasına aiddir. Onların arasında ən mühümü ombudsman təsisatı yaradılmasıdır. Bu Konstitusiya Qanununun layihəsi hazırlanarkən Milli Məclisin nümayəndələri Böyük Britaniyanın ombudsman təsisatı təcrübəsini öyrənmişlər. 24 avqust referendumundan sonra bu təsisatın tətbiqi ilə əlaqədar ölkə Konstitusiyasında müvafiq dəyişikliklər ediləcəkdir. Bundan əlavə, Avropa Şurasının tövsiyəsi ilə parlamentdə qəbul olunmuş qanuna əsasən Azərbaycan vətəndaşları Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək hüququ əldə etmişlər. Öhdəliklərin üçüncü hissəsi konkret qanunlara dəyişikliklər və əlavələr edilməsi ilə bağlıdır.
Murtuz Ələsgərov bu barədə danışarkən kütləvi informasiya vasitələri və teleradio yayımı haqqında qəbul olunmuş yeni qanunları xüsusi vurğuladı. İndi parlamentdə ictimai televiziya, milli azlıqlar, korrupsiya ilə mübarizə və seçki kodeksi haqqında qanun layihələri işlənib hazırlanır. Bu sənədlərin tərtibi zamanı Avropa Şurası Venesiya komissiyası və ATƏT ekspertlərinin rəyi nəzərə alınır.
Nümayəndə heyətinin rəhbəri lord Con Makklaski ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda insan hüquqlarına və demokratiyanın inkişafına dair konfransın yekunları haqqında danışdı. O, bildirdi ki, onların konfransda iştirakından başlıca məqsəd öz ölkələrində gedən demokratikləşmə prosesində buraxılan səhvləri deputatlarımızın və hüquq müdafiəsi təşkilatları nümayəndələrinin nəzərinə çatdırmaq idi. Qonaq dedi: “Bizim səhvlərimizi təkrar etməyinizi istəmirik və arzu edirik ki, Azərbaycanda demokratik dəyişikliklər inamla həyata keçirilsin”. O, ölkəmizin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesini yüksək qiymətləndirdi.
Qəbulda Böyük Britaniyanın Azərbaycandakı səfiri Endryu Taker iştirak edirdi.