SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Noyabrın 9-da Milli Məclisin sədri Murtuz Ələsgərov Avropa Şurası Venesiya komissiyasının katibi Cani Bukikkionun başçılığı ilə bu komissiyanın nümayəndə heyətini qəbul etmişdir.
Respublika parlamentinin sədri qonaqları salamlayaraq bildirdi ki, ölkənin ali qanunvericilik orqanı Venesiya komissiyası ilə əməkdaşlığa böyük əhəmiyyət verir. 1996-ci ildən başlayaraq birgə iş aparılır və bu, müsbət nəticələr verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Şurası Venesiya komissiyasının “Fərdi şikayət vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən əsas hüquq və azadlıqların müdafiəsi” mövzusunda Bakıda keçirdikləri ikigünlük seminar tərəflərin səmərəli əməkdaşlığının əyani nümunələrindəndir.
Murtuz Ələsgərov parlamentin fəaliyyətindən danışaraq vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çoxsaylı islahatlar aparılmış, əksəriyyəti insan hüquqlarının qorunmasına yönəldilmiş qanunlar qəbul edilmişdir. 1995-ci ildə qəbul olunmuş indiki Konstitusiyaya görə, vətəndaşlarımız Konstitusiya Məhkəməsinə müraciət edə bilməzdilər. Lakin avqustda keçirilən referendumda Əsas Qanuna digər düzəlişlərlə yanaşı, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ barədə düzəliş də əlavə edilmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Venesiya komissiyasının katibi Cani Bukikkio seminarın əhəmiyyətini vurğulayaraq dedi ki, iştirakçıların hamısı onun işində fəallıq göstərir. O, ümidvar olduğunu bildirdi ki, seminar böyük səmərə verəcəkdir.
Qəbulda Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev iştirak edirdi.