MİLLİ MƏCLİSİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Komissiyanın sədri Səməd Seyidov iclası açaraq, Azərbaycanın Avropa məkanındakı yeri, beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti ilə münasibətləri, bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir.
S.Seyidov bildirmişdir ki, Avropa Şurasının rəhbərliyi Milli Məclisə məktub göndərərək, ölkəmizin bu beynəlxalq qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişi, Avropa Şurasında aparılan islahatlar, gələcək fəaliyyət planı ilə bağlı Azərbaycan deputatlarının mülahizə, təklif və rəylərindən ibarət hesabat hazırlanmasını xahış etmişdir.
Sonra Avropa Şurası rəhbərliyinin məktubu, Avropa Parlamentinin təklifi ilə Avstriyanın paytaxtı Vyanada insan hüquqları məsələləri ilə məşğul olan yeni beynəlxalq qurumun yaradılması ilə, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni qonşuluq siyasətinə dair sənədlərin imzalanması istiqamətində atılan addımlarla bağlı komissiya üzvlərinin mülahizələri dinlənilmişdir.
İclasda Avropaya inteqrasiyanın ölkəmizin xarici siyasətinin öncül istiqamətlərindən biri olması və bu işdə Azərbaycanın milli, iqtisadi və coğrafi maraqlarının əsas götürülməsinin vacibliyi vurğulanmışdır. Bu baxımdan, digər keçmiş sovet respublikalarının, bir sıra Avropa dövlətlərinin təcrübəsinin öyrənilməsi, Azərbaycanda inteqrasiya məsələləri ilə məşğul olan ayrıca qurumun yaradılması təklif olunmuşdur. Komissiya üzvləri nəzərə çarpdırmışlar ki, müasir dövrdə Azərbaycan Avropa dövlətləri, ümumən, dünya üçün təkcə coğrafi, enerji ehtiyatlarının zənginliyi baxımından deyil, ilk növbədə, inkişaf etmiş iqtisadiyyata malik model dövlət kimi maraqlı ola bilər.
Sonda Milli Məclisin payız sessiyası dövründə bu istiqamətdə müzakirələrin davam etdirilməsi qərara alınmışdır.