MİLLİ MƏCLİSİN DEPUTATLARI ATƏT PA-DA MİNSK QRUPU HƏMSƏDRLƏRİNİN HESABATINI TƏLƏB ETMİŞLƏR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov və sosial siyasət daimi komissiyası sədrinin müavini Aydın Mirzəzadə ATƏT Parlament Assambleyasının Vyanada keçirilmiş qış sessiyasında iştirak etmişlər. Aydın Mirzəzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, nümayəndə heyətinin üzvləri assambleyanın ayrı-ayrı komitələrinin iclaslarında da iştirak etmişlər. Səttar Səfərov sessiyada çıxış edərək, ATƏT-in Minsk qrupu həmsədrlərinin zəif fəaliyyətini vurğulamış, iclasların birində həmsədrlərin hesabatlarının dinlənilməsini təklif etmişdir. Assambleyanın sədri Corc Bryus təklifi qeydiyyata almış və demişdir ki, büro iclaslarında məsələyə münasibət bildiriləcəkdir.
İqtisadiyyat, elm, texnologiya, siyasət və təhlükəsizlik, demokratiya, insan hüquqları və humanizm məsələləri komitələrinin iclaslarında Azərbaycanda demokratiyanın inkişafına, ölkəmizin Avropaya inteqrasiyasına, Ermənistanın işğalçılıq siyasətinə, respublikamızda mətbuat və söz azadlığına, KİV-ə dövlət qayğısına dair materiallar nümayiş etdirilmişdir. 2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin mətbuatın dostu elan edilməsi avropalı deputatlarda maraq doğurmuşdur.