MİLLİ MƏCLİSİN İCLASINDA BİR SIRA QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl cari məsələlərə baxılmış, deputatlar Azərbaycan Parlamentinin 90 illik yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilməsindən razılıqlarını ifadə etmişlər.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 90 illik yubileyinin “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” Prezident İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq yüksək səviyyədə keçirildiyini bildirmişdir. Sonra gündəlikdəki məsələlər müzakirə olunmuşdur. Əvvəlcə, “Azərbaycan Respublikası hökuməti ilə Fransa Respublikası hökuməti arasında 2007-ci il noyabrın 14-də imzalanmış Maliyyə Protokolunun icra edilməsi məqsədilə Azərbaycan Respublikası hökuməti ilə Fransa Respublikası hökuməti adından çıxış edən Natixis Banques Populaires arasında Kredit Müqaviləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə təqdim olunmuşdur. Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə layihə ilə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan və Gəncə aeroportlarında enişlərə yardımı təmin etmək layihəsi ilə əlaqədar Fransadan fransız mallarının və xidmətlərinin alınmasının maliyyələşdirilməsi məqsədilə Fransa hökuməti Azərbaycan hökumətinə 14 milyon 880 min avro kredit verəcəkdir.
Qısa müzakirədən sonra parlament Kredit Müqaviləsini təsdiq etmişdir.
Parlament “2008-2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Əməkdaşlıq Proqramı haqqında” Qərarı da təsdiqləmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Proqrama xüsusi rəylə qoşulmuşdur. Bu rəyə əsasən, milli qanunvericiliklərin uyğunlaşdırılması haqqında müddəalar istisna olmaqla, Azərbaycan Proqramın hər bir tədbirində iştirakı haqqında ayrıca qərar qəbul edəcəkdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov “Hərbi qulluqçuların statusu haqqında”, “Dövlət qulluğu haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etmişdir. Qeyd olunmuşdur ki, əlavə və dəyişikliklər hərbi qulluqçuların maliyyə və maddi təminat hüquqlarını əhatə edir. Müzakirələr zamanı deputatlar əlavə və dəyişikliklərin əhəmiyyətini qeyd etmişlər. Qanun layihəsi səs qoyularaq qəbul edilmişdir.
İclasda, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “İmmiqrasiya haqqında”, “Azərbaycan Respublikasında immiqrant statusunu təsdiq edən sənədin formasının təsdiq edilməsi barədə” qanunlara, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”yə, eləcə də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamə”yə əlavələr və dəyişikliklər edilmişdir.
Bildirilmişdir ki, bu dəyişikliklər qanunlarda olan boşluqların aradan qaldırılmasına, qanunvericilik bazasının təkmilləşməsinə xidmət edir.