Milli Məclisin növbədənkənar iclası keçirilmişdir
Bakı, 20 iyun (AZƏRTAC, Aidə Quluzadə). İyunun 20-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda bəzi qanunlara dəyişikliklər edilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının ilk iclasını açdıqdan sonra deputatlar müxtəlif məsələlərlə bağlı çıxışlar etmişlər.
NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı çıxışlarda əsas müzakirə mövzusu olmuşdur. Qeyd edilmişdir ki, bu tədbirdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunmuşdur. Diqqətə çatdırılmışdır ki, Bakıda keçirilən bu cür mötəbər tədbirlərin sayının getdikcə artması ölkəmizin dünyada siyasi mərkəzlərdən birinə çevrildiyini, Azərbaycan nümayəndə heyətinin uğurlu çıxışları, dövlət maraqlarımızı NATO tribunasından ifadə etməsi Azərbaycan diplomatiyasının gücləndiyini bir daha təsdiqləyir.
Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov 20 ölkədən 60-dək deputatın iştirak etdiyi bu seminarda əsas məqsədlərdən birinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi olduğunu demişdir. Əlavə etmişdir ki, toplantı iştirakçılarının diqqətinə bu münaqişə ilə bağlı bütün lazımi məlumatlar çatdırılmışdır. Z.Əsgərov bu cür məsələlərə münasibətdə dünyadakı mövcud ikili standartlardan da danışaraq hazırda beynəlxalq hüququn dərin böhran keçirdiyini söyləmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov bəzi beynəlxalq qurumların belə məsələlərə ikili standartlarla yanaşmalarını konkret faktlarla diqqətə çatdırmışdır.
Deputatlar çıxışlarında Mosulda türk diplomatlarının girov götürülməsi hadisəsini də pisləmişlər.
Sonra gündəlikdə duran məsələlərə baxılmışdır.
Birinci məsələ İnqilab Nəsirovun yenidən Ali Məhkəmənin hakimi, Zərbəli Zərbəliyevin Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi, vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Natiq Abbasovun Bakı Apelyasiya Məhkəməsinin, Zamin İbrahimovun Şirvan Apelyasiya Məhkəməsinin, İnşallah Quliyevin Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədə idi.
Deputatlar məsələyə müsbət münasibət bildirdikdən sonra Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsi, “Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Saziş təsdiqlənmişdir.
“Dövlət sirri”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti”, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunlarda da dəyişikliklər edilmişdir. Qeyd olunmuşdur ki, “Dövlət sirri haqqında” Qanuna edilən dəyişikliyin məqsədi dövlət sirrini təşkil edən məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirlərinin hansı orqanlar tərəfindən aparılmasını müəyyənləşdirməkdir. Qanunun 23.3-cü maddəsində dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması nəzərdə tutulur. Digər dəyişikliklərin məqsədi mövcud müddəaların təkmilləşdirilməsidir.
İclasda Şəhərsalma və Tikinti, Mülki, İnzibati Xətalar, Vergi məcəllələrinə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri”, “Sığorta fəaliyyəti”, “Banklar”, “Fərdi məlumatlar”, “Dövlət rüsumu”, “Avtomobil yolları”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İcbari sığortalar”, “Sığorta fəaliyyəti”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər”, “Bələdiyyələrin statusu”, “Büdcə sistemi”, “Məhkəmələr və hakimlər” haqqında qanunlara dəyişikliklər edilmişdir.
“Məhkəmələr və hakimlər haqqında” Qanunda edilən dəyişikliyə əsasən məhkəmələrdə işlərə andlı iclasçılardan ibarət tərkibdə baxılması ilə bağlı müddəalar çıxarılmışdır. Qeyd edilmişdir ki, bu institut dünyada da özünü doğrultmamışdır. Belə ki, andlı iclasçılar əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olmaqla bir sıra hallarda hüquqi məsələlərlə bağlı mühakimə irəli sürmək, düzgün nəticə çıxarmaq imkanına malik olmurlar. Deputatlar bu məsələnin fundamental xarakter daşıdığını və layihənin mövcud normativ-hüquqi sənədlərə uyğun hazırlandığını bildirmişlər.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişikliyə əsasən isə bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbulu qadağan olunmuşdur. Bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcəkdir.
İclasda gündəliyə daha bir məsələnin müzakirəsi təqdim olunmuşdur. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən təqdim olunan dəyişiklik müzakirə edilərək qəbul olunmuşdur.