SİYASƏT
Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edir
Bakı, 15 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadədən ibarət parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən 141-ci Assambleyasında iştirak edir. Tədbirə dünyanın 154 ölkəsindən 1700 nəfərdən çox nümayəndə qatılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də Assambleyanın Qadın Parlamentarilərin Forumunda qanunvericilikdə gender ayrı-seçkiliyinin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb. Forumda Azərbaycan nümayəndə heyətinin üzvü Sona Əliyeva çıxış edərək 101 il əvvəl Azərbaycanda qadın hüquqlarının İstiqlal bəyannaməsində təsbit olunduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, son illər qadın hüquqları və gender bərabərliyi ilə bağlı qəbul olunmuş qanunlar barədə ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı nəticəsində azərbaycanlı qadın və uşaqların hüquqlarının pozulması faktını iştirakçıların diqqətinə çatdırıb.
Assambleyanın oktyabrın 14-də keçirilən və gənclər siyasəti təcrübəsi, bu sahədə əldə edilmiş uğurlar, mövcud problemlərin həlli perspektivləri və gələcəkdə görüləcək işlərə həsr olunan Gənc Parlamentarilərin Forumunda nümayəndə heyətimizin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov iştirak edib. O, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurları, gənclərlə iş sahəsində əldə olunmuş təcrübə, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib, həmkarlarını maraqlandıran sualları cavablandırıb.
Həmin gün Assambleyanın gündəliyinə təcili bənd qismində daxil edilməsi və bu yığıncaqda müzakirə edilərək qəbul olunması məqsədilə Hindistan tərəfindən “İqlim dəyişikliyi problemlərinin həlli”, Fransa, Almaniya, Böyük Britaniya, İsveçrə və Misir tərəfindən “Mülki əhalinin müdafiəsi, beynəlxalq təhlükəsizlik, Türkiyənin Suriyada hərbi əməliyyatlarının dayandırılması”, Türkiyə tərəfindən “Terrorçuluğa qarşı mübarizədə və Suriyada davam edən münaqişənin həlli prosesində Qərb ölkələrinin ikili standartları”, Peru tərəfindən isə “Peruda demokratik prinsiplərə hörmət və demokratik sistemin bərqərar olunması” adlı qətnamə layihələri irəli sürülərək səsə qoyulub. Digər nümayəndə heyətləri ilə yanaşı, Azərbaycanın nümayəndə heyəti də səsvermədə iştirak edərək, hər zaman olduğu kimi, Türkiyənin layihəsini dəstəkləyib, ona qarşı irəli sürülmüş qətnamə layihəsinin isə əleyhinə səs verib. Səsvermə nəticəsində Hindistanın təklifi zəruri səs çoxluğu yığaraq, Assambleyanın gündəliyinə daxil edilib.