Milli Məclisin plenar iclasında 10 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri gündəliyə 10 məsələnin daxil edildiyini və ilk 2 məsələnin Milli Məclisin qərar layihələri olduğunu deyib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, birinci məsələ 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı haqqındadır. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi Zəfərinin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır. Vətən müharibəsində Qələbənin mahiyyəti 4 fundamental anlayışla ifadə edilə bilər. Bunlar ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışlarıdırlar. Ədalət anlayışı odur ki, torpaqlarımızın 30 illik işğalına son qoyulub.
İclasda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatının mətnini deputat Hikmət Məmmədov oxuyub.
Sonra 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Sonra Səbinə Əliyevanın, Ceyhun Qaracayevin və Elşanə Vəliyevanın namizədlikləri ayrı-ayrılıqda səsə qoyulub. Səbinə Əliyeva səs çoxluğu ilə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə seçilib.
Yeni seçilmiş Ombudsman Səbinə Əliyeva vəzifəsinin icrasına başlaması ilə əlaqədar deputatlar qarşısında and içib.
Sahibə Qafarova deyib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə parlamentə daxil olub və bunlar beynəlxalq müqavilələrin təsdiqi ilə bağlı qanun layihələridir. O, bu layihələrin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
S.Qafarova bildirib ki, növbəti üç məsələ üçüncü oxunuşda olan qanun layihələridir. O, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova təqdim edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. O qeyd edib ki, qanun layihəsində hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə müvafiq dəyişikliklər təklif olunur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri gündəliyin son 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi ölkəmizdə aqrar sahənin inkişafının dəstəklənməsi, bu sahəyə xarici mütəxəssislərin cəlb olunması və beynəlxalq təcrübədən istifadənin genişləndirilməsi məqsədi daşıyır.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi İnzibati Xətalar Məcəlləsində hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Dəyişikliklərlə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsi təsbit edilir, həmçinin prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətləri müəyyən olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.
Deputatlar məsələ ilə bağlı öz fikir və təkliflərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.