MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR DAİMİ KOMİSSİYASININ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, daimi komissiyanın sədri Zahid Qaralov iclas iştirakçılarını bu qurumun Milli Məclisin payız sessiyası müddətində görəcəyi işlərin planı ilə tanış etmişdir. Planda “Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti haqqında”, “Yerli rəy sorğusu komissiyası üzvünün statusu haqqında”, “Yerli rəy sorğusu ilə əlaqədar müşahidəçinin hüquqları haqqında”, “Bələdiyyə qulluqçularının sosial təminatları haqqında” və s. qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması, komissiyanın fəaliyyət dairəsinə daxil olan müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
İş planı müzakirə olunduqdan sonra təsdiq edilmişdir.
Komissiya sədrinin müavini Şaitdin Əliyev daimi komissiyanın 2004-cü ilin yaz sessiyasındakı fəaliyyətinin yekunları barədə məlumat vermişdir. Bildirilmişdir ki, hesabat dövründə 7 iclas keçirilmiş, digər daimi komissiyalarla əməkdaşlıq diqqət mərkəzində olmuş, bir sıra məsələlər onlarla birlikdə müzakirə edilmişdir. Milli Məclisin gündəliyinə salınmış məsələlərin müzakirəsinə əsasən nail olunmuşdur. Seçicilərlə, bələdiyyələrlə, digər əlaqədar qurumlarla sıx əlaqə saxlanılmış, görülmüş işlər haqqında onlara müntəzəm məlumat verilmişdir. Yaz və növbədənkənar sessiyalar zamanı komissiya üzvlərinə 334 məktub, ərizə, şikayət və müraciət daxil olmuş, 291 vətəndaş qəbul edilmişdir. Qaldırılmış məsələlərin 74 faizi həll olunmaq üçün müvafiq nazirlik, dövlət komitəsi, idarə və təşkilatlara, icra hakimiyyətlərinə, bələdiyyələrə göndərilmiş, 26 faizi yerindəcə həll edilmişdir.
Natiq komissiya üzvlərinin əhalinin xüsusilə bələdiyyələrlə əlaqədar maarifləndirilməsi işində iştirakı barədə də danışmışdır.
Daimi komissiyanın iclasında 18 şəhər və rayonun, o cümlədən İmişli, Zaqatala, Gədəbəy, Ağcabədi, Ağsu və digər bölgələrin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi məsələsi də müzakirə edilmişdir.
Məsələni Milli Məclisin gündəliyinə daxil etmək qərara alınmışdır.
Daimi komissiyanın iclası cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.