MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, komissiyanın sədri Hadı Rəcəbli Milli Məclisin 2004-cü il payız sessiyası üçün rəhbərlik etdiyi qurumun nəzərdə tutulan iş planı haqqında məlumat vermişdir. O bildirmişdir ki, sessiyanın gündəliyinə “İrsi qan xəstəliyi olan şəxslərin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu və qan xidməti haqqında”, digər müvafiq daimi komissiyalarla birgə isə “Qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi haqqında”, “Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi haqqında”, “Yaşayış minimumu haqqında” qanun layihələri təqdim ediləcəkdir.
Komissiyanın eksperti Rəcəb Nurəliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bəzi əlavələr edilməsi barədə” və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanunlarının layihələri haqqında danışmışdır. O qeyd etmişdir ki, “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 6 yanvar 2004-cü il tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Prezident Əmək Məcəlləsinin 31-ci maddəsinin ikinci hissəsinə iki əlavə bənd irəli sürmüşdür. Bununla yanaşı, Məcəllənin 77, 247, 250-ci maddələrinə əlavə cümlələr təklif olunur.
Hər iki qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmək qərara alınmışdır.
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Qanun layihəsi də müzakirə olunmuş və Milli Məclisin gündəliyinə salınması tövsiyə edilmişdir.