MİLLİ MƏCLİSİN TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri müzakirə edilmişdir.
Hər iki layihə haqqında Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İlqar Cəfərov məlumat vermişdir.
O, birinci layihə barədə danışarkən qeyd etmişdir ki, Saziş 14 maddədən ibarətdir və 2004-cü il aprelin 26-da tərtib olunmuşdur. Sənədin qüvvədə qalma müddəti məhdudlaşdırılmamışdır. Zərurət yarananda həmin məsələ tərəflərin razılığı ilə həll olunacaqdır. Saziş Azərbaycan Respublikasının milli maraqlarına uyğundur və Azərbaycan dövlətinin informasiya mühafizəsi sahəsində atdığı mühüm addımlardan biridir.
Layihəni Milli Məclisin müzakirəsinə vermək tövsiyə olunmuşdur.
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər redaktə xarakterli dəqiqləşdirmələri və prinsipial əlavələri əhatə edir. Məsələ burasındadır ki, indiyədək qanunun “Pensiyaların təyin edilməsi şərtləri” adlı 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malik idi. Layihədə “20 il” ifadəsini “20 təqvim ili” ilə əvəz etmək təklif olunur. İkincisi, “Xidmət illərinin hesablanması” adlanan 16-cı maddəyə görə, pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Layihədə “Nazirlər Kabineti” sözlərini “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz etmək təklif olunur. Bundan əlavə, təklif olunur ki, indən belə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili üç yox, iki xidmət ili kimi hesablansın.
Məsələnin müzakirəsi zamanı komissiyanın sədri, MM sədrinin müavini Ziyafət Əsgərov, komissiya üzvləri - Vladimir Timoşenko, Əliməmməd Nuriyev, Elman Məmmədov, Rizvan Cəbiyev və Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Rafiq Ramazanov və başqaları çıxış etmişlər. Vurğulanmışdır ki, xidmət illərinin hesablanmasındakı dəyişiklik əsasən gənc zabitlərin ordudan tez tərxis olunmasının qarşısının alınması məqsədinə xidmət edir.
Qanun layihəsini müzakirə üçün Milli Məclisin gündəliyinə təqdim etmək qərara alınmışdır.