SİYASƏT
MİLLİ ORDUNUN 90 İLLİK YUBİLEYİ VYANADA QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 26-da Vyana şəhərində ATƏT-in Baş Katibliyinin yerləşdiyi Hofburq sarayında Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən ziyafət təşkil edilmişdir. Ziyafətdə Avstriya federal müdafiə nazirliyinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun və ATƏT-ə üzv ölkələrin daimi nümayəndəliklərinin nümayəndələri və diplomatlar iştirak etmişlər.
Səfir Fuad İsmayılov qonaqları salamlayaraq, 90 yaşı qeyd edilən Milli Ordumuzun yaranma tarixindən bəhs etmişdir. F.İsmayılov bildirmişdir ki, 1918-ci ildə Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublikanın əsası qoyulduqdan sonra, ölkədə böyük dövlət quruculuğu və islahatlara başlanmış, 1918-ci il iyunun 26-da dövlətin əsas strukturlarından biri – Milli Ordu yaradılmışdır. Mövcud olduğu qısa müddət ərzində Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski və digər görkəmli hərbçilərin sayəsində Azərbaycan Ordusunun formalaşması prosesində uğurlu addımlar atılmışdır.
Sovet İttifaqının tərkibində olduğu müddətdə Azərbaycanın 600 mindən artıq igid oğul və qızı İkinci Dünya müharibəsi zamanı faşist Almaniyasına qarşı rəşadətlə mübarizə aparmış, onların yarısı döyüş meydanlarında canından keçmiş və Qələbənin əldə olunmasında Azərbaycan həlledici rol oynamışdır.
1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda yaşanan dərin böhran ordu quruculuğuna öz mənfi təsirini göstərmişdir. Son on beş ildə isə Azərbaycan öz ordusunu gücləndirmiş, zabit və əsgərlərin hərbi təlimində NATO mexanizmlərinin tətbiqinə başlanılmışdır. Ölkə büdcəsində hərbi xərclərin məbləği ildən-ilə artırılır. Bu gün qüdrətli Milli Ordumuz beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir və hərbçilərimiz Əfqanıstan və İraqda beynəlxalq sülhyaratma qüvvələrinin tərkibində xidmət göstərirlər.
Ziyafətdə Azərbaycan hərbi marşlarının müşayiəti ilə Milli Ordunun 90 illik yubileyi münasibətilə iyunun 26-da Bakıda keçirilən təntənəli hərbi paradın videogörüntüləri nümayiş etdirilmiş və qonaqlara Azərbaycana həsr olunmuz müxtəlif mövzulu broşür və kitabçalar paylanmışdır.
######