Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir
Bakı, 12 iyun (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri 15 İyun - Milli Qurtuluş Gününü “Eko-park”da qeyd etmişlər.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş və “Eko-park”da yaradılmış şəraitlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, parkın yaradılmasının məqsədi cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını ortaya qoymaq, ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitin qorunmasını təbliğ etməkdir.
Sonra 15 İyun - Milli Qurtuluş Günü münasibətilə simvolik ağacəkmə mərasimi keçirilmişdir.
“Eko-mərkəz”də davam edən tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin rəis müavini Əflatun Həsənov Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 21 il keçdiyini xatırladaraq, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulamışdır.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır. Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən G.İsrafilova qeyd etmişdir ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmış və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olmuşdur.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açmış, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilmişdir.
Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratmışdır.
Natiqlər, 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışlar.
Tədbirin sonunda partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev irsini öyrənirik” məktəbinin məzunlarına sertifikatlar və fəxri fərman təqdim edilmişdir. Tədbirdə, həmçinin 15 İyun - Milli Qurtuluş Gününü simvolizə edən fləşmob keçirilmiş və havaya sülh rəmzi olan göyərçinlər uçurulmuşdur.