Milli Qurtuluş Günü Dövlət Neft Şirkətinin Rumıniyadakı Nümayəndəliyində də qeyd edilmişdir
Bakı, 17 iyun (AZƏRTAC). Milli Qurtuluş Günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniyadakı Nümayəndəliyində də qeyd edilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “SOCAR Petroleum SA” şirkətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılmışdır. Qeyd olunmuşdur ki, 1993-cü ilin əvvəllərində ölkədə xaos, vətəndaş qarşıdurması, hakimiyyət böhranı son həddə çatmış və Ermənistanın Azərbaycana qarşı təcavüzü güclənmişdi. Belə bir mürəkkəb vaxtda xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitlik yaratmış, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almışdı.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxışında vurğulamışdır ki, 1993-cü il iyun ayının 15-də ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı yolunda tarixi dönüşün başlanğıcı olmuşdur. Bir il sonra “Əsrin müqaviləsi” imzalanmış, bugünkü iqtisadi uğurların etibarlı təməli qoyulmuşdur.
Nümayəndəliyin rəhbəri vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin ideyaları və siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.