Milli Qurtuluş Günü müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazılıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunan iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş direktor AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib.
Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışıb, ölkəmizdə siyasi sabitliyin yaranmasındakı rolundan bəhs edib. O, dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışının Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunduğunu, müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını qeyd edib.
İclasda gündəlikdə olan digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.