Milli Qurtuluş Günü Pirallahıda da qeyd olunmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). Pirallahı rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz əbədiyaşarlıq qazanmış, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür.
Diqqətə çatdırmışdır ki, Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etmişdir.
Vurğulanmışdır ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
V.İmanov ötən 10 ildə ölkəmizdə bütün sahələrdə qazanılmış nailiyyətlərdən, eləcə də son vaxtlar Pirallahıda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışmışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, rayon ictimaiyyəti adından çıxış edən tarix müəllimi Səkinə Sadıxova çıxışlarında ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxardığını, Ümummilli Liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, sabitlik və əmin-amanlığı bərpa etdiyini, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimizin qorunduğunu, onun qətiyyəti, uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin xaosdan xilas olduğunu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığını vurğulamışlar.
Sonra Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Bayram tədbiri konsert proqramı ilə başa çatmışdır.