Milli Qurtuluş Günü şərəf tariximizdir
Oğuz, 13 iyun (AZƏRTAC). İyunun 13-də Milli Qurtuluş Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətində “Milli Qurtuluş Günü şərəf tariximizdir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək, dahi rəhbərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınmış, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanmışdır. Qeyd olunmuşdur ki, 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyi, həqiqətən də ən ağır böhran və dağılma təhlükəsi ilə üzləşmişdi. Ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırılmış, dövlətçiliyimiz olum və ya ölüm dilemması qarşısında qalmışdı. Məhz belə bir çətin, təlatümlü dövrdə xalqın istəyi, təkidi və tələbi ilə böyük siyasi xadim Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəlmiş və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilmişdir. Bir müddət sonra isə bu böyük şəxsiyyətə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirmək həvalə olunmuşdur.
Konfransda çıxış edənlər məhz o zaman, 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyində həlledici dönüşün baş verdiyini xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Ulu Öndərin hakimiyyətə gəlişindən dərhal sonra çox ağır vəziyyətdə olan Azərbaycanın qarşısında duran problemlər mərhələlərlə həll olunmağa başlamış, ayrı-ayrı şəxslərə, siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilmiş, cinayətkar ünsürlər cəmiyyətdən təcrid olunmuşdur. Ölkədə əmin-amanlıq, siyasi sabitlik yaranmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanın Qurtuluş Günündən başlanan yüksəlişi bu gün də davam edir. Ölkəmizin iqtisadiyyatı güclənir, qüdrəti artır, siması yeniləşir. Natiqlər ulu öndər Heydər Əliyevin qurduğu müstəqil, müasir Azərbaycanın hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli, zəngin bir ölkəyə çevrildiyini xüsusi vurğulamışlar.