MİLLİ SAHİBKARLARIN “YENİ AZƏRBAYCAN NAMİNƏ” İCTİMAİ HƏRƏKATA QOŞULMAQ BARƏDƏ BƏYANATI
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə əldə edilmiş siyasi və makroiqtisadi sabitlik nəticəsində ölkədə bazar iqtisadiyyatının formalaşdırılmasına və hərtərəfli inkişafına nail olunmuşdur. Bu gün Azərbaycan iqtisadiyyatı dinamik və ardıcıl inkişaf edir. İqtisadiyyatın bütün sahələrindəki irəliləyişlər, qazanılmış müvəffəqiyyətlər həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət müstəqilliyinin keçən on ili ərzində siyasi həyatımız anarxiyadan sabitliyə, iqtisadiyyatımız tənəzzüldən dinamik inkişafa çatmışdır. Ölkənin ictimai-siyasi həyatında, iqtisadiyyatda aparılan köklü islahatlar artıq öz bəhrəsini verməkdədir. Son illərdə Azərbaycanda dövlət siyasəti səviyyəsində sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının nəticəsində özəl bölmənin ölkə iqtisadiyyatında payı və rolu əhəmiyyətli dərəcədə yüksəlmiş, orta təbəqənin formalaşması üçün mühüm zəmin yaradılmışdır. Ölkəmizin rəhbərinin yeritdiyi iqtisadi siyasət respublikada biznesin inkişafına əhəmiyyətli təsir göstərmiş, iş adamlarının dövlətə inamını artırmış, sahibkarlarda böyük ruh yüksəkliyi yaratmışdır. İş adamları ilə keçirilən görüşlər qısa müddətdə sahibkarlığın inkişafına güclü təkan vermiş, onların problemlərinin həllində mühüm rol oynamışdır. Hazırda Azərbaycanda münbit sərmayə mühiti yaradılmış, sahibkarlığa dövlət maliyyə dəstəyinin sistemliliyi təmin edilmiş, biznesin inkiaşfına yaradılan süni maneələr aradan qaldırılmışdır. Bu da öz növbəsində sahibkarlığın dövlət siyasəti səviyyəsində dəstəklənməsini təmin etmiş və biz sahibkarları bir daha əmin etmişdir ki, Azərbaycan Prezidenti sahibkarların himayədarı və dayağıdır. Azərbaycan Prezidentliyinə seçkilər kampaniyasının başlandığı, ölkəmizin ictimai-siyasi həyatının dinamik şəkildə inkişaf etdiyi bir vaxtda respublikanın bir qrup görkəmli ziyalısının, çoxsaylı qeyri-hökumət təşkilatlarının qaldırdığı təşəbbüs iş adamlarını da həvəsləndirmişdir. Onların təşəbbüsü ilə yaradılmış “Yeni Azərbaycan naminə” ictimai hərəkata Azərbaycanın 200-dən çox ictimai-siyasi və digər təşkilatların, qurumların qoşulması iş adamlarını da məmnun etmişdir. Biz – Azərbaycanın milli sahibkarları bu hərəkatın yaranmasını alqışlayır və ona qoşulduğumuzu bəyan edirik. Məramı müstəqillik, siyasi sabitlik və qüdrətli Azərbaycan olan Heydər Əliyev siyasətini dəstəkləmək iqtisadi inkişafımızın təmin edilməsində mühüm rol oynayan iş adamları üçün tam təbii və məqbuldur. Biz sahibkarlar bəyan edirik ki, dövlətimizin başçısının “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamını fəaliyyətimizin ana xətti hesab edərək, Azərbaycanın iqtisadi qüdrətinin artırılması naminə bundan sonra da səylə çalışacaq, bütün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
X X X
Görüş incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.
X X X
Görüş incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.